Вернуться назад Распечатать

Banka borcu olanlara xəbərdarlıq

Bank borcları ilə bağlı məhkəmə qərarı olmadan atılan addımlar və onların hüquqi çərçivəsi vətəndaşlar üçün aktual məsələlərdəndir.

Bəs bank borcu ilə bağlı məhkəmə qərarı olmadan hansı addımlar qanuni sayıla bilər, hansı addımlar isə hüquq pozuntusudur?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Misirə Xəlilzadə bildirib ki, kredit müqaviləsi imzalandığı andan tərəflərin hüquq və öhdəlikləri yaranır və bank müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcun ödənilməsini tələb edə bilər.

Onun sözlərinə görə, bununla yanaşı, bankın borcu tələb etməsi ilə borcun məcburi qaydada tutulması fərqli məsələlərdir:

"Bank sizdən borcu tələb edə bilər, lakin sizin maaşınızdan məcburi pul tutmaq, digər bankdakı hesabınıza icra tədbiri kimi həbs qoymaq, tələbi borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəltmək, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürüb tələbkara verilmək üçün qanunda nəzərdə tutulmuş icra sənədi olmalıdır.

Kredit müqaviləsində nəzərdə tutulmuş əsas borcun, müqavilə üzrə hesablanan faizlərin və qanunla/müqavilə ilə nəzərdə tutulan digər ödənişlərin ödənilməsi bank tərəfindən tələb oluna bilər. Bank bunun üçün sizə telefonla zəng edə, SMS, məktub və ya elektron bildiriş göndərə, borcun məbləği və ödəniş müddəti barədə məlumat verə, könüllü ödəniş üçün tələb göndərə bilər.

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.

Bu o deməkdir ki, borcalanın bank qarşısında öhdəliyinin olması avtomatik olaraq bankın həmin şəxsin ailə üzvlərinə, dostlarına, iş yoldaşlarına və digər şəxslərə onun kredit borcu barədə istənilən məlumatı açıqlamasına hüquqi əsas vermir. Burada əsas məsələ üçüncü şəxsə konkret hansı məlumatın verilməsi və həmin məlumatın hansı hüquqi əsasla verilməsidir. Bu hərəkətlərin özü hələ məcburi icra tədbiri demək deyil".

Vəkil əlavə edib ki, Azərbaycan Respublikasının "Notariat haqqında" Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır:

"Bunun üçün təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etməli və qanunda nəzərdə tutulan digər şərtlər yerinə yetirilməlidir. Bu prosesin başlanması üçün hər vəziyyətdə ayrıca məhkəmə qətnaməsinin olması tələb olunmur. Qanunvericilik icra qeydinin məhkəmə aktından fərqli icra əsası kimi istifadə edilməsinə imkan verir.

Lakin notariusun icra qeydi istənilən borc üzrə avtomatik aparıla bilməz. Borcun mübahisəsizliyini təsdiq edən sənədlər və qanunvericilikdə müəyyən edilmiş şərtlər olmalıdır. Bundan başqa, icra qeydi aparılmadan əvvəl borcluya müəyyən edilmiş qaydada bildiriş göndərilməsi tələb olunur. Qanunvericiliyin tələblərinə əsasən, icra qeydi aparıldıqdan sonra borclunun həmin tələbi məhkəmə qaydasında mübahisələndirmək hüququ da vardır.

Əgər bankın əlində məcburi icraya imkan verən icra sənədi yoxdursa, bank tərəfindən bank əməkdaşının sadəcə telefonla: "Borcunuz var, ona görə maaşınızdan pul tutulacaq" deməsi öz-özlüyündə maaşdan məcburi tutulma yaratmır.

Lakin burada da bir mühüm istisna var icra sənədi varsa məsələ artıq adi bank tələbi deyil, icra proseduru məsələsinə çevrilir.

Əgər vətəndaşa icra sənədi, notariusun icra qeydi, icra məmurunun qərarı və ya digər analoji bildiriş təqdim olunubsa, bu halda məsələ artıq yalnız bankın borcun ödənilməsini tələb etməsi ilə məhdudlaşmır. Çünki notariusun icra qeydi qanunda nəzərdə tutulmuş hallarda icraya yönəldilə bilər və onun icrası məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Məhkəmə aktının mövcud olmaması bankın heç bir tədbir görə bilməməsi anlamına gəlmir. Eyni zamanda, bankın borcu tələb etmək hüququ onun avtomatik olaraq məhkəmə və ya icra orqanının səlahiyyətlərini həyata keçirməsi demək deyil.

Əsas məsələ bankın hansı hərəkəti hansı hüquqi sənədə və hansı qanun normasına əsaslanaraq həyata keçirdiyidir.

Bu səbəbdən borcalanlara telefonla verilən şifahi məlumatlarla kifayətlənməmək, tələb və xəbərdarlıqların yazılı şəkildə təqdim edilməsini tələb etmək, həmçinin hər hansı icra sənədi və ya notariusun icra qeydi təqdim olunduqda onun hüquqi əsaslarını yoxlamaq tövsiyə olunur".