Вернуться назад Распечатать

Yaşıl enerji Azərbaycanın yeni investisiya modelinin əsas elementlərindən birinə çevrilir

 

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin
imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, həmçinin ölkənin qarşıdakı illər
üçün iqtisadi inkişaf prioritetlərinin nümayiş etdirilməsi baxımından diqqət çəkdi. Prezident
İlham Əliyevin himayəsi altında keçirilən forumda dünyanın müxtəlif ölkələrindən dövlət
rəsmiləri, qlobal investorlar, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin və biznes
dairələrinin nümayəndələri iştirak etdilər. “Parçalanmış dünyada etimadın bərpası: Cənubi
Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusu ətrafında aparılan
müzakirələrdə qlobal iqtisadi dəyişikliklər, regional bağlantılar, enerji, rəqəmsal iqtisadiyyat və
yeni investisiya imkanları əsas müzakirə mövzuları oldu.
Forumun konkret nəticələri isə Azərbaycanın investisiya gündəliyində növbəti
mərhələnin miqyasını göstərdi. Tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş
şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 sənəd imzalandı. Bakı Enerji Həftəsi
çərçivəsində elan edilmiş layihələr də nəzərə alındıqda, planlaşdırılan birgə layihələrin ümumi
dəyəri 16,7 milyard dollara çatır. Bu rəqəmlər forumun konkret biznes əlaqələrinin və
layihələrin formalaşdırıldığı məkan olduğunu göstərir. Eyni zamanda imzalanan sənədlərin
sahə müxtəlifliyi Azərbaycanın investisiya siyasətində şaxələndirmənin daha da gücləndiyini
nümayiş etdirir.
Prezident İlham Əliyev də forumdakı çıxışında bildirdi ki, son 20 ildə Azərbaycana 350
milyard dollardan çox investisiya cəlb edilib və bunun təxminən yarısı birbaşa xarici
investisiyaların payına düşür. Dövlət başçısı növbəti mərhələdə əsas məqsədlərdən birinin
neft-qaz sektorundan kənar potensialdan istifadə etməklə uzunmüddətli və dayanıqlı iqtisadi
artıma nail olmaq olduğunu qeyd etdi. Forumda da Azərbaycanın gələcək investisiya
xəritəsinin əsas istiqamətləri bəyan olundu.  Belə ki, əsas istiqamətlərdən biri bərpaolunan
enerjidir. Diqqətə çatdırıldı ki, Azərbaycanın Xəzər dənizindəki sektorunda 157 giqavatlıq
enerji potensialı mövcuddur. Qarşıdakı beş il ərzində ölkənin bütün ərazilərində bərpaolunan
enerji mənbələrinin genişləndirilməsi, elektrik enerjisi istehsalında təbii qazdan istifadənin
minimuma endirilməsi və qazın daha çox ixrac üçün yönəldilməsi hədəflənir. Bu baxımdan
yaşıl enerji həm də yeni investisiya modelinin əsas elementlərindən birinə çevrilir. Burada
söhbət həm də ötürücü xətlərin, enerjisaxlama sistemlərinin və beynəlxalq enerji
bağlantılarının da böyük investisiya potensialından gedir. Azərbaycan, Özbəkistan və
Qazaxıstan arasında Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi, eləcə də Qara dəniz kabeli
kimi layihələr bu istiqamətdə regional əməkdaşlığın genişləndiyini göstərir. 
Digər mühüm istiqamət rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzləridir. Prezident
İlham Əliyev əlavə elektrik enerjisi potensialının süni intellekt üzrə data mərkəzlərinin inkişafı
üçün istifadə olunmasının mümkünlüyünü qeyd etdi. Bu, enerji ilə rəqəmsal iqtisadiyyatın
kəsişməsində yeni investisiya modelinin formalaşması deməkdir. Azərbaycanın coğrafi
mövqeyi, enerji imkanları və rəqəmsal infrastrukturunun inkişaf etdirilməsi ölkəni bu sahədə
regional mərkəzlərdən birinə çevirməkdədir. 
Burada ən mühüm məsələlərdən biri isə insan kapitalıdır. Prezident xüsusilə vurğuladı
ki, peşəkar və ixtisaslı kadrlar olmadan qarşıya qoyulan rəqəmsal inkişaf məqsədlərinə nail
olmaq mümkün deyil. Forumun ayrıca “İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya”
mövzusunda panel sessiyasının keçirilməsi də bu istiqamətin investisiya gündəliyində artan
əhəmiyyətini göstərdi. 
Forumda qlobal bağlantının ön plana çıxarılması təsadüfi deyil. Çünki  Azərbaycan
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin kəsişməsində yerləşir. Prezident İlham
Əliyev də çıxışında bildirdi ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi 2026-cı
ildə 16 milyon tona çatacaq. Hədəf isə 2030-cu ilədək hər iki əsas istiqamətdə daşımaların
həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır. Dəhlizlərin inkişafı logistika
mərkəzləri, gömrük və rəqəmsal idarəetmə, liman infrastrukturu, dəmir yolları, enerji və
kommunikasiya layihələri üçün yeni investisiya imkanları yaradır.
Azərbaycanın yanaşması isə regional dəyər zəncirlərində daha böyük rolun əldə
edilməsidir. Bunun üçün nəqliyyat infrastrukturu ilə yanaşı, rəqəmsallaşma və gömrük
prosedurlarının sürətləndirilməsi də prioritetlər sırasındadır. 

Mövcud reallıqlar göstərir ki, neft-qaz sektorundan əldə olunan gəlirlərin digər sahələrin
inkişafına yönəldilməsi, yeni istehsal və ixrac imkanlarının yaradılması və iqtisadiyyatın daha
çox sahəyə söykənməsi strategiyası davam etdirilir. Azərbaycanın növbəti inkişaf
mərhələsində əsas hədəfi kapitalın cəlb olunması ilə yanaşı, texnologiya, innovasiya, təcrübə,
insan kapitalı və yeni bazarlara çıxış imkanlarının ölkə iqtisadiyyatına gətirilməsidir. Bu
baxımdan Bakıdakı forumu tərəfdaşlıqlar üçün yeni imkanlar açır.
İnqilab Hüseynov,
Sabirabad rayon Yaşıllaşdırma sahəsinin rəisi