Вернуться назад Распечатать

Daha yaddaqalan, daha tarixi, daha dünyəvi beynəlxalq forum

  

Səmimi ikitərəfli siyasi və iqtisadi əlaqələr əsasında dünyanın əksər inkişaf etmiş
dövlətləri ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanda müxtəlif istiqamətlərdə investisiya
qoymağı planlaşdırır, investisiyalar qoyur. Bu, hər iki tərəf üçün əlverişli iqtisadi inkişaf
anlamında  etibarlı zəmin yaradır. İnvestisiya baxımından müxtəlif vaxtlarda beynəlxalq
forumlar keçirilib. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə
çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev indiyə kimi görülmüş
işləri, iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən aparıcı beynəlxalq şirkətlərin Azərbaycanı
etibarlı tərəfdaş kimi qəbul etdiyini, əlverişli investisiya mühitinə görə Azərbaycana son 20 ildə
350 milyard ABŞ dollarından çox investisiya cəlb olunduğunu xatırladaraq bildirdi ki, “...biz
iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail
olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik.
Əsas prioritetlərin bir neçəsini qeyd edərdim. Onlardan biri bərpaolunan enerjidir. Bizim çox
böyük potensialımız var...”
Dövlət başçımız çıxışında iqtisadiyyatın ikinci hərəkətverici qüvvəsinin logistika,
nəqliyyat və bağlantılar olduğunu, Azərbaycanın fiziki infrastruktur yaratdığını, investorlar üçün
daha anlaşılan biznes mühiti formalaşdırdığını, dənizə birbaşa çıxışı olmayan ölkə
olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət
çalışdığımızı da bildirərək qeyd etdi ki, “Əlavə elektrik enerjisi potensialına sahib olaraq biz
sözsüz ki, iki istiqamətə diqqət yetiririk. Birincisi, süni intellekt data mərkəzləri ilə bağlı daxili
tələbatı ödəmək üçün bu enerjidən maksimum dərəcədə necə istifadə etmək və onu necə
ixrac etmək olar? Ötürücü xətlərimiz var, lakin onlar yetərli deyil. Beləliklə, hazırda biz yeni
ötürücü xətlər üzərində işləyirik, mövcud olanları genişləndiririk və yenilərini inşa edirik. Bu,
həmçinin gələcək iqtisadi inkişafın mühüm tərkib hissəsi ola bilər”.
Ərazilərinin işğaldan azad edilməsi, ərazi bütövlüyünün tam bərpa olunması
Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldib. Tolerant dövlət kimi, bəşəri dövlət kimi,
siyasi və iqtisadi nüfuzu yüksələn Azərbaycan etibarlı tərəfdaş kimi ikitərəfli iqtisadi əlaqələri
daha müxtəlif istiqamətlərdə və daha müxtəlif formatlarda genişləndirir. II Azərbaycan
Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev dedi: “Bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub
istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını
müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yeri gəlmişkən, biz hər iki
nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən
keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq.
Lakin hədəfimiz 2030-cu ilədək, qeyd etdiyim kimi, hər iki istiqamətdə, - həm Şərq–Qərb, həm
də Şimal–Cənub marşrutlarında daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək
səviyyəyə çatdırmaqdır. Bu məqsədlə biz qonşularımızla fəal əməkdaşlıq prosesindəyik”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bu gün olduqca
aktual olan bir amili də xatırlatdı: dünyada ən önəmli amil siyasi və iqtisadi sabitlikdir.
İştirakçılar bu amilin gərəkliyini istər öz dövlətlərinin timsalında, istərsə də münaqişəyə cəlb
olunmuş dövlətlərin timsalında yaxşı bildiyindən dövlət başçımızın dediklərini bu Forum üçün
qeyri-rəsmi beynəlxalq tezis kimi dinlədilər: ““Bu proses Azərbaycanda artıq 30 ildən çoxdur ki,
davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəri çətinliklər yaşamışıq,
Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-
cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8
milyon idi. Beləliklə bu, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və
iqtisadiyyat tamamilə xaos içində idi”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında zaman anlamında
Azərbaycanın dünənlərini də xatırlatdı. Bu xatırlatma da, Azərbaycan adlı bir məmləkətin
zəngin yeraltı sərvətləri haqqında dedikləri də, o vaxtlar müasir anlamda ölkə olmasa da
Azərbaycanın bu sərvətin, konkret olaraq neftin hasil edildiyi ilk ölkə olduğunun qürurla
bildirilməsi də, bizim “...neft-qaz sənayesindəki təcrübəmiz yaxşı nümunədir. 1994-cü ildə
Hasilatın pay bölgüsü haqqında Saziş imzalananda Qərbin enerji şirkətlərində çalışan
əməkdaşların 90 faizindən çoxu əcnəbilər idi. İndi isə yəqin ki, əcnəbi əməkdaşların payı
təxminən 5 faizdir. Bu, ölkənin inkişafına və potensialının formalaşdırılmasına misilsiz töhfə

oldu. Hazırda çoxsaylı Azərbaycan vətəndaşı müxtəlif şirkətlərdə qlobal miqyasda fəaliyyət
göstərir. Biz, həmçinin nümayəndələrimizin mühüm vəzifələr tutmasından məmnunuq və
bununla fəxr edirik” fikri də ehtiramla dinlənildi.
Dövlət başçımız Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini 30 ilə yaxın bir
müddətdə işğalda saxladığını, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik Azərbaycan
Ordusunun torpaqlarımızı işağaldan döyüşlə azad etdiyini, Azərbaycanın ərazi bütövlüyünün
tam bərpa olunduğunu xatırladaraq dedi: “Düşünürəm ki, ölkənin, ən azı XX əsr tarixinin özü
kifayət qədər aydın şəkildə göstərir ki, bu ölkənin insanları bacarıqlıdırlar, onlar müstəqil
yaşaya, ləyaqətlə yaşaya, müharibələr apara və qısa müddət ərzində müharibələrdə qalib gələ
bilərlər. Onlar ərazi bütövlüyünü bərpa edə bilərlər. Yəqin ki, bu, bu əsrin və bəlkə də XX əsrin
böyük bir hissəsinin tarixində yeganə belə haldır. Onlar milli maraqlara qətiyyətlə sadiqdirlər.
Onlar dünyaya açıqdırlar...”
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu mahiyyət baxımından dünyəvi bir
prosesin daha səmərəli inkişafını əhatələməklə Azərbaycan gerçəklikləri fonunda daha
yaddaqalan, daha tarixi, daha dünyəvi oldu...
Kəmalə Babayeva,
2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri