“ABŞ ilə danışıqlar nüvə məsələsindəki fikir ayrılıqları səbəbindən nəticəsiz qalarsa, İranın B planından istifadə etmək imkanı yaranacaq”.
1xeber.media xəbər verir ki, bu barədə İranın “Xorasan” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, bu plan çərçivəsində önləyici zərbələrə əl atmaq və ABŞ-də aralıq seçkilərindən əvvəl Prezident Donald Trampı yüksək intensivlikli müharibə ilə üz-üzə qoymaq mümkün olacaq:
“Bu yanaşmanın İran üçün iki üstünlüyü olacaq; birincisi, təşəbbüsü düşmənin əlindən alır və düşmənə kəşfiyyat məlumatlarını və logistikanı tamamlamağa imkan vermir. İkincisi, müharibənin intensivləşməsi enerji qiymətlərinin artım tempinin yüksəlməsinə səbəb olur və amerikalıların yenidən məğlubiyyətə uğraması və alçaldılması ilə birlikdə ABŞ seçkilərinin nəticələrinə geridönməz və ciddi təsirlər göstərəcək.”
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi də bildirib ki, ABŞ yenidən “Tehrana qarşı səhv hesablama”ya yol verərsə, İranın cavabı ağrılı və sarsıdıcı olacaq:
“İran bu gün böyük çəkindirmə imkanlarına malikdir. İran bu imkanlardan, daha qabaqcıl taktikalardan, avadanlıq və vasitələrdən istifadə etməklə, 40 günlük müharibədən əvvəlki dövrlə müqayisədə daha hazırlıqlı və daha əlverişli vəziyyətdə olaraq amerikalılara sarsıdıcı və peşmançılıq doğuracaq zərbələr endirə bilər”.