Вернуться назад Распечатать

BMT-də tarixi an: Etnik təmizləməyə məruz qalan azərbaycanlılarla bağlı XÜSUSİ MÜRACİƏT

28 sentyabr 2026-cı il tarixində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası" mövzusunda beynəlxalq konfrans keçirilib.

1xeber.media xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.

Bildirilib ki, bu konfrans azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması məsələsinin BMT çərçivəsində müzakirə olunduğu ilk belə tədbirdir.

Tədbirdə 16 ölkəni təmsil edən 50-dən çox nümayəndə - qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində tanınmış mütəxəssislər, qayıdış hüququ üzrə ixtisaslaşmış ekspertlər, eləcə də etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqib təcrübəsi yaşamış diaspor təşkilatlarının, həmçinin zərərçəkmiş icmaların təmsilçiləri və BMT ekspertləri iştirak ediblər.

Konfransda indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz yurdlarına qayıtmasının təmin edilməsi, habelə tarixi ədalətin bərpası üçün zəruri hüquqi addımların atılması və bu məsələnin beynəlxalq təşkilatların diqqətində saxlanılması ətrafında müzakirələr aparılıb.

Qayıdış prosesinin beynəlxalq təşkilatların nəzarəti altında, təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi, zəmanət mexanizmlərinin tətbiqi, hüquqi baxımdan məcburi xarakter daşıyan beynəlxalq razılaşmanın əldə edilməsi, beynəlxalq monitorinqin həyata keçirilməsi və s. istiqamətlər diqqət mərkəzində saxlanılıb.

Konfrans zamanı azərbaycanlıların etnik təmizləməyə məruz qalması, mədəni və dini abidələrə qarşı törədilmiş vandalizm aktlarını özündə ehtiva edən qısametrajlı sənədli film nümayiş etdirilib.

Konfrans zamanı BMT-nin afrikaəsilli şəxslər üzrə Daimi Forumunun (PFPAD) keçmiş sədri, səfir Cun Sumer, Beynəlxalq Siqh Federasiyasının baş hüquq məsləhətçisi Prabcot Siqh Virring, idarəçilik üzrə beynəlxalq ekspert Karlayl Korbin və müstəmləkəçilik ərazilərinin nümayəndələri çıxış ediblər. Onlar öz çıxışlarında Azərbaycanlıların qayıdış hüquqlarını tanıdıqlarını və beynəlxalq təşkilatları bu mövzuya diqqət ayırmalı olduğunu bildiriblər.

Tədbir iştirakçıları indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi, mədəni və dini abidələrin qəsdən dağıdılması və erməniləşdirilməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər.

Tədbirin sonunda xüsusi məruzəçinin təyin edilməsi ilə bağlı BMT rəhbərliyinə müraciət qəbul edilib.

İndiki Ermənistan ərazisindəki Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irs, o cümlədən toponimlər, məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar və digər abidələr sistemli şəkildə dağıdılmış, təhqir olunmuş və mənimsənilmişdir. Bununla yanaşı, tarixi ərazilərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının fundamental hüququ - öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ hələ də təmin edilməmiş olaraq qalır. Bu vəziyyət, əslində, mövcud beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Belə ki, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası kimi qəbul edilmiş beynəlxalq hüquqi sənədlər, eləcə də Dayton Sazişinin 7-ci Əlavəsi kimi beynəlxalq hüquq praktikasında formalaşmış presedentlər artıq qayıdış hüququnun həyata keçirilməsini təmin edəcək normativ və praktiki əsas yaradır.