Вернуться назад Распечатать

Bu yay qeyri-çimərlik ərazilərində 64 nəfər suda boğulub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində çimərlik mövsümünün başa çatması ilə əlaqədar media subyektləri üçün brifinq keçirilib.

1xeber.media xəbər verir ki, brifinqdə cari ilin ötən dövrü ərzində su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər, həmçinin kiçikhəcmli gəmilərə nəzarət sahəsində görülmüş işlərlə bağlı məlumat verilib, statistik rəqəmlər açıqlanıb.

Bildirilib ki, cari ilin ötən dövrü ərzində nazirliyin nəzarət etdiyi çimərlik ərazilərində sudaboğulma halı qeydə alınmayıb.

Təhlillərin nəticəsi olaraq qeyd olunub ki, xilasedicilərin çevik müdaxiləsi nəticəsində cari ilin ötən dövründə su hövzələrində xilas edilənlərin ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə 31 faiz artaraq 73 nəfərdən 107 nəfərə yüksəlib. Xüsusilə çimərlik mövsümündə suda boğulma təhlükəsi ilə üzləşən və xilas edilən şəxslərin sayı 70-dən 97-yə yüksəlib ki, bu da təxminən 39 faiz artım deməkdir.

Araşdırmalar zamanı məlum olub ki, sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərindən istifadə edilməsi nəticəsində baş verib ki, bunun da əsasında küləkli havada və ya sərxoş halda suya girmə, uşaq və yeniyetmələrin nəzarətsiz buraxılması, o cümlədən xüsusən bölgələrimizdə çay, göl, suvarma kanalları və çimərlik üçün nəzərdə tutulmayan digər su hövzələrindən istifadə olunması kimi hallar dayanır.

Cari ilin ötən dövründə qeyri-sabit hava şəraiti və intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərində və həyətyanı sahələrdə subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş FHN-in xilasediciləri tərəfindən operativ şəkildə təxliyə edilib, 38 nəfərə müvafiq köməklik göstərilib. Qeyd edək ki, 2025-ci ilin analoji dövründə bu rəqəm müvafiq olaraq 170 və 9 olub. 

Həmçinin bildirilib ki, cari ilin ötən dövrü ərzində qeyri-çimərlik ərazilərində FHN-in xilasetmə qurumları tərəfindən ümumilikdə 64 nəfərin cəsədi suda tapılaraq çıxarılıb. Qeyd edilən rəqəm ötən ilin analoji dövründə 85 olub ki, bu da təxminən 25 faiz azalma deməkdir. Bu rəqəmləri çimərlik mövsümü üzrə götürsək, cari ilin çimərlik mövsümündə xilasedicilər tərəfindən suda tapılıb çıxarılan cəsədlərin ümumi sayı 59, ötən ilin analoji dövründə 68 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 faiz azalma deməkdir. Burada vacib bir məsələ qeyd edilməlidir ki, göstərilən 59 rəqəmindən yanlız 29-u bilavasitə çimərkən suda boğulma faktı ilə bağlıdır. Digər halların isə ilkin araşdırmalarla müxtəlif səbəblərdən (ehtiyatsızlıq, balıqçılıq fəaliyyəti və s.) baş verdiyi müəyyən edilib.

Brifinqdə kiçikhəcmli gəmilərə nəzarət tədbirləri barədə də məlumat verilib. Bildirilib ki, Xidmət tərəfindən cari ilin ötən dövrü ərzində 599 ədəd kiçikhəcmli gəmi dövlət qeydiyyatına alınıb, 1671 ədəd kiçikhəcmli gəmi texniki baxışdan keçirilib.

Qeyd olunub ki, kiçikhəcmli gəmi istifadəçiləri gəmilərin təhlükəsiz istismarı qaydalarına ciddi riayət olunmasını diqqətdə saxlamalıdırlar.  Belə ki, kiçikhəcmli gəmiləri idarə edən şəxslər səfərə çıxmazdan əvvəl gəminin sazlığını, müəyyən olunmuş normaya uyğun xilasetmə və zəruri avadanlıqlarla təchiz olunmasını təmin etməli, gəminin sərnişin və yükgötürmə qabiliyyəti üzrə məhdudiyyətlərini nəzərə almalı və sərnişinləri gəmidə təhlükəsizlik qaydaları haqqında təlimatlandırmalıdırlar. Həmçinin, səfər vaxtı üçün proqnozlaşdırılan hava şəraiti əvvəlcədən öyrənilməli və gəminin üzə biləcəyi maksimal dalğa hündürlüyü və küləyin sürəti nəzərə alınmalıdır. Yadda saxlamaq lazımdır ki, yelkənli və mühərrikli qayıqlar yalnız onların gəmi biletlərində göstərilmiş küləkli və dalğalı hava ilə bağlı məhdudiyyətlərə riayət etməklə istismar oluna bilər.

Dövlət qeydiyyatına alınmayan, texniki baxışdan keçirilməyən və mühərriklə təchiz edilmiş su nəqliyyatı vasitələrini müvafiq idarəetmə hüququnu təsdiq edən sürücülük vəsiqəsi olmadan istismar etməyin qadağan olduğu da diqqətə çatdırılıb. 

Brifinqdə media nümayəndələrinin sualları cavablandırılıb.