Ukrayna üçün ən əlverişli sülh şərtləri 2022-ci ilin aprelində İstanbulda təklif olunanlar idi; onlar ölkənin taleyini əhəmiyyətli dərəcədə yaxşılığa doğru dəyişə bilərdi.
1xeber.media xəbər verir ki, bu bəyanatı Ali Radanın deputatı Dmitri Razumkov jurnalist Natalya Vlaşenko ilə müsahibəsində səsləndirib.
"Hesab edirəm ki, masadakı ən yaxşı sülh şərtləri [deputat David] Araxamiyanın 2022-ci ilin aprelində İstanbuldan gətirdiyi şərtlər idi", - deyə o bildirib.
Onun fikrincə, bu, Ukraynanın gələcəyinə müsbət təsir göstərə bilərdi. O hesab edir ki, əgər 2022-ci ildə sülh əldə olunsaydı, ölkəyə investisiyalar cəlb edilərdi, həmçinin münaqişə nəticəsində itirilən yüz minlərlə insan həyatını və mühacirətə gedən milyonlarla insanı xilas etmək mümkün olardı.
Eyni müsahibədə Razumkov Ukraynanın enerji sektorunun məhv ediləcəyini proqnozlaşdırıb. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri qarşıdan gələn qışda bu sektoru tamamilə məhv edə bilər.