Вернуться назад Распечатать

Leyla Əliyeva Vatikanda görüşlər keçirdi - Fotolar

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb.

1xeber.media  AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə təşəkkür ifadə olunub, göstərilən uzunmüddətli dəstək yüksək qiymətləndirilib.

Xüsusilə uşaq pediatriyası sahəsində Müqəddəs Taxt-Tacın “Bambino Gesu” xəstəxanası ilə qurulan əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Eyni zamanda, Müqəddəs Pavel Bazilikasının və oradakı abidələrin bərpası, həmçinin bu istiqamətdə gələcək fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.

Rahibə Raffaella Petrini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib. O, yaxın vaxtlarda Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.

***

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib.

Raffaella Culiani görüşdə Azərbaycan nümayəndə heyətinin də iştirakını böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd edib.

O, birgə tərəfdaşlığın simvolu kimi ərsəyə gələn “Mədəniyyətlər körpüsü” (“Pontes Culturae”) kitabı barədə danışaraq deyib ki, bu əməkdaşlığın təməli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva və kardinal Canfranko Ravazi tərəfindən qoyulub. Bu dostluq münasibətlərinin gələcəkdə də davam edəcəyinə ümidvarlığını bildirən Raffaella Culiani Birinci vitse-prezident Mehriban Əliyevanın işlərlə həmişə yaxından maraqlandığını xatırladıb.

Görüşdə katakombaların bərpası və digər yeni restavrasiya layihələri üzərində işin davam etdirilməsi imkanlarına toxunulub. Bu proseslərə gələcəkdə daha çox tələbənin və mütəxəssisin cəlb olunmasının nəzərdə tutulduğu, eyni zamanda, Azərbaycanda yerləşən müxtəlif kilsələrdə peşəkar mütəxəssislərin çalışmasının arzuedilən olduğu bildirilib.

Müsəlman ölkəsi olan Azərbaycanın xristian irsinin bərpasındakı rolu yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu əməkdaşlıq və xüsusilə katakombaların bərpası sahəsində birgə fəaliyyət bütün dünya üçün mühüm mesajdır. Bu addım tolerantlığın, sülhün və mədəniyyətlərarası dialoqun bariz nümunəsidir.