1xeber.media xəbər verir ki, Finlandiyadan olan siyasətçi Armando Mema Rusiya ilə Avropa arasında mümkün hərbi qarşıdurmanın çox qısa müddətdə baş verə biləcəyini iddia edib.
Mema bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb. Onun sözlərinə görə, belə bir müharibə başlayacağı təqdirdə, qarşıdurma “son dərəcə intensiv və qısa” ola bilər.
Fin siyasətçi iddia edib ki, mümkün genişmiqyaslı münaqişə zamanı Avropanın böyük şəhərləri ciddi dağıntılarla üzləşə bilər. O, Avropa İttifaqının bəzi liderlərinin belə bir ssenarinin mümkün nəticələrini lazımi qədər nəzərə almadığını bildirib.
Mema həmçinin Qərbdə Rusiyanın düşmən kimi qəbul edilməsinin geniş yayıldığını deyib və Moskvanın əvvəlki dövrdə Avropa ölkələri tərəfindən müəyyən edilmiş “qırmızı xətlərə” baxmayaraq mövqeyini qoruduğunu bildirib.
Rusiya Prezidenti Vladimir Putin isə sentyabrın 25-də Moskvanın Avropa ilə müharibəyə hazırlaşmadığını, bunun üçün heç bir səbəb və əsas olmadığını açıqlayıb.
Qeyd edək ki, Avropalı rəsmilər son dövrdə Rusiyanın hibrid fəaliyyətləri ilə bağlı narahatlıqlar səsləndirsələr də, bəzi NATO ölkələrinin nümayəndələri Moskvanın alyansa birbaşa hücum imkanlarına dair narahatlıqları rədd ediblər.