Вернуться назад Распечатать

İlon Mask Pentaqonun yeni strukturunun rəhbərliyinə daxil olacaq

Amerikalı milyarder İlon Mask Pentaqonun gələcək müharibə üsullarını araşdıracaq yeni strukturunun rəhbərliyində təmsil olunacaq.

1xeber.media xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı açıqlayıb.

Nazirin sözlərinə görə, yeni strukturun əsas vəzifəsi gələcək döyüş əməliyyatlarının aparılması üsullarını araşdırmaq olacaq.

Quruma Maskla yanaşı, Pentaqonun baş mühəndisi Emil Maykl, “Anduril Industries” müdafiə şirkətinin təsisçisi Palmer Laki və ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç rəhbərlik edəcəklər.

Heqset bildirib ki, yeni struktur Silahlı Qüvvələr üçün strategiya hazırlamaqla məşğul olmayacaq. Onun əsas məqsədi gələcək hərbi texnologiyaları qiymətləndirmək, inkişaf etdirilməli istiqamətləri müəyyənləşdirmək və yeni imkanları araşdırmaqdır.

Pentaqon rəhbəri pilotsuz sistemlər üzrə ixtisaslaşmış ayrıca komandanlığın yaradılmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, belə bir strukturun yaradılması barədə hələ 10 il əvvəl düşünmək lazım idi.

“Qarşıdakı onilliklər ərzində döyüş meydanında texnoloji və hərbi üstünlüyümüzü təmin etmək üçün gələcəyə baxmalıyıq”, – Heqset bildirib.