1xeber.media xəbər verir ki, ABŞ ticarət nümayəndəsi Ceymison Qrir G20 ölkələrini qlobal ticarət sistemində sənaye artıq istehsalı və dövlət subsidiyaları ilə bağlı daha sərt tədbirlər görməyə çağırıb.
Qrir G20 ticarət nazirlərinin toplantısında çıxışı zamanı ABŞ administrasiyasının ticarət siyasətinin əsas istiqamətlərini açıqlayıb.
ABŞ rəsmisi xüsusilə Çinin sənaye siyasətini və dövlət subsidiyalarını tənqid edib. Onun sözlərinə görə, daxili tələbatdan artıq istehsalın dünya bazarlarına çıxarılması digər ölkələrdə istehsalçılara və işçilərə təzyiq yaradır.
Qrir həmçinin Ümumdünya Ticarət Təşkilatının “ən əlverişli rejim” prinsipinin yenidən nəzərdən keçirilməsini təklif edib. ABŞ tərəfi hesab edir ki, mövcud sistem bəzi ölkələrin ticarət təhriflərinə qarşı çevik tədbirlər görməsini çətinləşdirir.
Reuters-in məlumatına görə, G20 toplantısı çərçivəsində 28 ölkə Çin və digər iri istehsalçılardan gələn polad məhsullarına əlavə tariflərin tətbiqi istiqamətində əməkdaşlıq etməyə razılaşıb.
Çin isə sənaye siyasətinin qlobal bazarda artıq istehsala səbəb olması ilə bağlı ittihamları qəbul etmir və Qərb ölkələrinin bu arqumentdən proteksionist tədbirləri əsaslandırmaq üçün istifadə etdiyini bildirir.