Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək.
1xeber.media xəbər verir ki, bunu Özbəkistan Respublikası Ali Məclisi Senatının birinci sədr müavini Sodiq Safayev cümə axşamı Bakıda keçirilən CAMCA 2026 Regional Forumu çərçivəsində deyib.
“Bu səfər çərçivəsində iqtisadi əməkdaşlıq və Qarabağın birgə inkişafı ilə bağlı sazişlər paketinin imzalanması planlaşdırılır”, - deyə o bildirib.
Qeyd edək ki, Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstanda dialoqun, əməkdaşlığın və dayanıqlı iqtisadi inkişafın təşviqinə həsr olunan illik CAMCA (Central Asia, Mongolia, Caucasus and Afghanistan) Regional Forumu ilk dəfə olaraq Bakıda keçirilir.
Forumda özəl biznes və dövlət sektorunun nümayəndələri, yüksək vəzifəli şəxslər, investorlar, sahibkarlar və ekspertlər iştirak edir.
İki günlük tədbir çərçivəsində regionda əməkdaşlığın genişləndirilməsi, iqtisadi artımın və sosial inkişafın təşviqi məsələləri müzakirə olunacaq.