Afinada Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası çərçivəsində biznes forumu keçirilib.
1xeber.media xəbər verir ki, nazirlikdən bildirilib ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Yunanıstanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (Enterprise Greece) təşkilatçılığı ilə forumda hər iki ölkənin 90-dan çox şirkəti iştirak edib.
Forumda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, qlobal iqtisadi münasibətlərin və təchizat zəncirlərinin yenidən formalaşdığı, şaxələndirilmiş enerji və nəqliyyat bağlantılarının əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda yaranmış yeni reallıqlar regional əməkdaşlıq, ticarət və investisiyalar üçün geniş imkanlar açır. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat bağlantılarının, logistika və rəqəmsal infrastrukturun inkişafı istiqamətində həyata keçirilən siyasətin ölkənin investisiya cəlbediciliyini gücləndirdiyi qeyd olunub. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının 70 faizi ötdüyü, son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırıldığı diqqətə çatdırılıb.
Azərbaycanın yalnız kapital cəlbində deyil, yeni texnologiya, bilik və təcrübə gətirən, istehsal və ixrac imkanlarını genişləndirən uzunmüddətli investisiya tərəfdaşlıqlarında maraqlı olduğu vurğulanıb. Yunanıstan biznesi üçün enerji, nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat, sənaye və istehsal, kənd təsərrüfatı, qida emalı və turizm perspektivli əməkdaşlıq istiqamətləri kimi təqdim edilib. Cənub Qaz Dəhlizi ilə formalaşmış enerji tərəfdaşlığının yaşıl enerji və yeni enerji bağlantıları ilə genişləndirilməsi imkanları diqqətə çatdırılıb.
Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin artan əhəmiyyəti vurğulanaraq Azərbaycanın strateji mövqeyi ilə Yunanıstanın liman və dənizçilik imkanlarının uzlaşdırılmasının Şərq-Qərb bağlantılarının Aralıq dənizi və Avropa bazarlarına çıxışını genişləndirə biləcəyi bildirilib. Rəqəmsal iqtisadiyyat, süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktur, sənaye və istehsal sahələrində əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib. Ələt Azad İqtisadi Zonası, sənaye parkları və müasir logistika infrastrukturu Yunanıstan şirkətləri üçün Azərbaycanda istehsal və daha geniş regional bazarlara çıxış baxımından əlverişli imkanlar kimi təqdim olunub.
Yunanıstan biznes dairələri Azərbaycanın investisiya imkanlarından fəal yararlanmağa, yeni layihələrin həyata keçirilməsinə və uzunmüddətli tərəfdaşlığa dəvət edilib. Forumun qarşılıqlı investisiyaların artırılmasına və Azərbaycan-Yunanıstan iqtisadi əməkdaşlığının konkret layihələrlə zənginləşdirilməsinə töhfə verəcəyinə inam ifadə edilib.
Forum işini şirkətlər arasında B2B görüşlərlə davam etdirib.




