1xeber.media xəbər verir ki, oktyabrın 1-də Kiyevdə Dnepr çayı üzərində yerləşən Cənub körpüsünə pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.
Kiyev meri Vitali Kliçkonun məlumatına görə, körpünün dayaq hissəsinin yaxınlığına iki PUA zərbəsi qeydə alınıb. Hadisədən sonra körpü üzərindən metro və yerüstü ictimai nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Mütəxəssislər konstruksiyanın vəziyyətini və dəymiş ziyanın miqyasını araşdırırlar.
Cənub körpüsü Kiyevin sağ və sol sahillərini birləşdirən əsas nəqliyyat arteriyalarından biridir. Yerli məlumatlara əsasən, şəhərin iki sahili arasındakı tranzit hərəkətinin böyük hissəsi bu körpüdən keçir. Körpüdən həm avtomobil nəqliyyatı, həm də metro xətti istifadə edir.
Hadisə zamanı körpüdə hərəkət edən metro qatarında olan sərnişinlərin zərər çəkmədiyi barədə də məlumat yayılıb. Zərbənin körpünün konstruksiyasına nə dərəcədə ziyan vurduğu isə aparılan texniki baxışdan sonra müəyyənləşdiriləcək.