Azərbaycanda kifayət qədər qurum süni intellekt məhsulu üzərində işləyir və ondan aktiv istifadə edir.
1xeber.media xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəisi Murad Balayev Bakıda keçirilən ADEX beynəlxalq müdafiə sərgisi çərçivəsində keçirilən panel müzakirədə bildirib.
Onun sözlərinə görə, "Top 3"-də İqtisadiyyat, Müdafiə Sənayesi nazirlikləri və Azərbaycan Dövlət Neft Şirkəti yer alır: "Bu qurumlar süni intellekt tətbiqlərinin sayına görə öndə gedirlər. Eyni zamanda ölkə mənşəyinə görə də təsnifnifata baxsaq, ən çox saya görə Azərbaycan birinci yerdədir. Yəni yerli süni intellekt tətbiq olunan məhsulların sayı artmaqdadır. Təyinat təsnifatına baxdıqda, burada iki cür bölgü etmişik: xüsusi təyinatlı süni intellekt həlləri və ümumi təyinatlı süni intellekt həlləri. Xüsusi təyinatlılara misal olaraq üztanıma sistemlərini, satınalma və tender sistemlərini göstərə bilərəm. Növbəti mərhələdə isə təbii ki, risklərin müəyyənləşdirilməsi məsələsi gəlir".
O bildirib ki, hazırda mərkəz regionda və dünyada bu sahədəki normativ hüquqi aktları dəyərləndirməkdədir: "Çünki süni intellekt məsələsi yeni bir sahədir və buradakı risklər də yenidir. Əgər biz kənar vendorların süni intellekt həllərinin ölkədə istifadə olunmasından danışırıqsa, bu baxımdan fərqli təhlükəsizlik məsələlərinə baxırıq. Yox, əgər yerli istehsallara baxırıqsa, burada artıq "prompt injection", "model inversion" kimi təhlükəsizlik risklərini nəzərə alırıq. O cümlədən bilirsiniz ki, bizim illik keçirilən audit və pentest fəaliyyətlərimiz var. Bu, məcburidir, icbaridir və biz burada süni intellekt əsaslı modellərin də pentestini və auditini həyata keçiririk. Bu, həqiqətən çox maraqlı bir prosesdir".