Вернуться назад Распечатать

Deputat manatlıq taksilərdən danışdı: İnsanları çörəkdən məhrum etmək olmaz

"20 Yanvar" metrosu və Moskva prospekti ətrafında "manatlıq taksi" fəaliyyətinin dayandırılması Sumqayıt, Ceyranbatan, Saray, Xırdalan və Masazır istiqamətində hərəkət edən sakinlərin gediş-gəlişini çətinləşdirib. Şəhərətrafı ərazilər üçün əlverişli sayılan bu xidmətin ləğvi sərnişinlərlə yanaşı, həmin sürüclərin də gəlir mənbəyinə təsir edib.

Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, bu aztəminatlı insanların bu cür vəsait qazanmasına yönəlmiş addımları bir qədər diqqətlə atmaq lazımdır və onları çörəkdən məhrum etmək olmaz.

Onun sözlərinə görə, hər halda, bunlar üçün hansısa formada qazanc imkanı saxlanılmalıdır:

"Çünki biz buna sadəcə 500-1000 nəfərin problemi kimi yox, çox sayda ailənin problemi kimi baxmalıyıq. Əgər bu insanlar evlərinə çörək aparmaq üçün məhz bu fəaliyyət növü ilə məşğul olurlarsa, deməli, buna məcburdurlar. Ona görə də bunun qarşısını almaq əvəzinə, müəyyən yollarla ədalətli şəkildə hansısa istiqamətdə güzəştə getmək barədə də düşünmək olar. Çünki biz hər bir vətəndaşın sıxıntısını aradan qaldırmağa çalışmalıyıq".