“Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi”.
1xeber.media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi.
Prezident vurğulayıb ki, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meylləri Qarabağda yer alsın.
İlham Əliyev qeyd edib ki, ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı.
Dövlət başçısı bildirib ki, Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır.
“Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır - müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları”, - Prezident vurğulayıb.