1xeber.media xəbər verir ki, Rumıniyanın Ukrayna ilə sərhədində yerləşən Tulça dairəsinin Plauru kəndi ərazisinə naməlum obyekt düşüb. Hadisə nəticəsində ərazidə yanğın baş verib.
Rumıniyanın Milli Müdafiə Nazirliyinin məlumatına görə, hadisə səhər saat 05:00 radələrində qeydə alınıb. İlkin ehtimala əsasən, yerə düşən obyekt pilotsuz uçuş aparatı ola bilər.
Hadisə nəticəsində xəsarət alan və ya həlak olan olmayıb. Nazirlik həmçinin hər hansı dağıntının qeydə alınmadığını açıqlayıb.
Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar üzrə Baş İnspeksiyanın əməkdaşları və Rumıniya Silahlı Qüvvələrinin bölmələri göndərilib. Ərazi nəzarətə götürülüb və müdafiə nazirliyinin mütəxəssisləri obyektin düşdüyü ərazidə araşdırmalara başlayıblar.
Rumıniya Müdafiə Nazirliyi bildirib ki, həmin gecə ölkənin hava məkanına icazəsiz müdaxilə radarlarda qeydə alınmayıb. Qurum hadisə ilə bağlı araşdırmanın davam etdiyini və əlavə məlumatların əldə olunduqca açıqlanacağını bildirib.
Plauru kəndi Rumıniyanın şərqində, Dunay çayının sahilində yerləşir. Kənd Ukraynanın İzmayıl şəhərinin qarşı tərəfində yerləşir.