Şuşada Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani arasında 13-cü üçtərəfli görüş keçirilib.
1xeber.media report-a istinadla xəbər verir ki, üçtərəfli görüşün açılış mərasimində Azərbaycan müdafiə naziri salamlama çıxışı edib.
Ötən il Türkiyədə, ondan əvvəlki ildə isə Gürcüstanda keçirilən görüşləri xoş təəssüratlarla xatırlayan Zakir Həsənov xüsusi olaraq qeyd edib ki, ölkələr arasında münasibətlərin yüksək səviyyədə davam etməsində dövlət başçılarının səmimi dostluq münasibətlərinin rolu əvəzsizdir.
Bildirib ki, məhz onların birgə səyləri nəticəsində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı, artıq digər ölkələr üçün nümunə ola biləcək uğurlu regional əməkdaşlıq mexanizminə çevrilərək sülhə, təhlükəsizliyə və sabitliyə böyük töhfələr verməkdədir.
Azərbaycan və Gürcüstanın müdafiə nazirləri baş vermiş təyyarə qəzasında şəhid olan hərbi qulluqçularla bağlı bir daha türkiyəli həmkarına başsağlığı verərək türk xalqının dərdinə şərik olduqlarını ehtiramla bildiriblər.
Görüşdə xalqların əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlətlər arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qeyd olunub.
Bildirilib ki, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xalqlarımızın rifahının təmin olunması baxımından böyük önəm kəsb edir.
Görüşdə müasir dövrün çağırışları, eləcə də regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub.
Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin sadəcə ölkələr üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də faydalı olacağına əminlik ifadə olunub.
Tərəflər hərbi qulluqçuların iştirakı ilə keçirilən "Eternity", "Qafqaz Qartalı", həmçinin digər birgə təlimlərin vacibliyini vurğulayaraq bu tədbirlərin əməkdaşlıq, təcrübə mübadiləsi və orduların müdafiə qüdrətinin yüksəlməsində mühüm rol oynadığını bir daha qeyd ediblər.
Eyni zamanda nazirlər hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığı müzakirə edib, üçtərəfli əlaqələrin genişləndirilməsi perspektivləri ilə bağlı təkliflər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Sonda üçtərəfli görüşün yekununa dair protokol imzalanıb və media nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Konfransda Zakir Həsənov görüşlərin faydalı olduğunu vurğulayaraq ölkələr arasında əməkdaşlığın inkişaf dinamikasından razılıq bildirib, tərəflərin bu əlaqələrin bundan sonra daha da genişləndirilməsi və dərinləşdirilməsi niyyətində olduqlarını qeyd edib.