Lula Trampa: “Braziliyalı olsaydın, səni də həbs edərdilər”
1xeber.media xəbər verir ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampla söhbəti zamanı ona Jair Bolsonaro işi ilə bağlı sərt açıqlama verdiyini bildirib.
Lula da Silvanın sözlərinə görə, Tramp Bolsonaronu müdafiə edərkən ona belə cavab verib: əgər Tramp braziliyalı siyasətçi olsaydı və ABŞ-da baş verən hadisələr Braziliyada baş versəydi, onun da həbs edilə biləcəyini deyib.
“Əgər sən braziliyalı olsaydın və ABŞ-da baş verənlər burada baş versəydi, səni də həbs edərdilər. Buna əmin ola bilərsən”, – Lula bildirib.
Braziliya prezidenti Tramp ilə görüşləri zamanı iki ölkə arasında yaranmış tarif müharibəsini də müzakirə etdiyini açıqlayıb. Onun sözlərinə görə, ABŞ administrasiyasının tətbiq etdiyi tariflərlə bağlı fikir ayrılıqları tərəflər arasında əsas müzakirə mövzularından biri olub.
Lula əlavə edib ki, Trampa qarşı mübarizəni hərbi yolla deyil, “narrativlər” vasitəsilə aparmaq istədiyini bildirib. Braziliya prezidenti bu məqsədlə ABŞ-ın The New York Times qəzetində bir neçə məqalə dərc etdiyini və amerikalı oxuculara Tramp administrasiyasının siyasəti ilə bağlı öz mövqeyini çatdırmağa çalışdığını deyib.
Lula ilə Tramp arasında münasibətlər son aylarda xüsusilə ABŞ-ın Braziliyaya tətbiq etdiyi tariflər və keçmiş prezident Jair Bolsonaroya münasibət məsələsində gərginləşib. Reuters-in məlumatına görə, Bolsonaro 2022-ci il seçkisinin nəticələrindən sonra hakimiyyətdə qalmaq məqsədilə dövlət çevrilişi planında təqsirli bilinərək həbs cəzası alıb. Tramp isə Bolsonaro ilə bağlı məhkəmə prosesini dəfələrlə tənqid edib.