Вернуться назад Распечатать

İsveçrə prezidenti istefa verəcəyini açıqladı

1xeber.media xəbər verir ki, İsveçrə Prezidenti və iqtisadiyyat naziri Gi Parmelin 2026-cı ilin sonunda hökumətdən istefa verəcəyini açıqlayıb.

Parmelin bildirib ki, hökumətdə 11 il çalışdıqdan sonra vəzifədən ayrılmaq qərarına gəlib. O, xüsusilə geosiyasi çətinliklərin artdığı bir dövrdə hökumətin yeni və daha gənc qüvvələrə ehtiyac duyduğunu qeyd edib.

İsveçrə hökumətinin rəsmi məlumatına görə, Parmelin 2016-cı ildən Federal Şuranın üzvüdür və İqtisadiyyat, Təhsil və Araşdırmalar Departamentinə rəhbərlik edir. O, 2026-cı il üçün İsveçrə Konfederasiyasının prezidenti seçilib.

Parmelinin istefası onun 2026-cı il üçün prezidentlik müddətinin başa çatdığı dövrə təsadüf edəcək. İsveçrə sistemində konfederasiya prezidentinin səlahiyyət müddəti bir illə məhdudlaşır və bu vəzifə əsasən təmsilçilik xarakteri daşıyır.

İsveçrə mediasında Parmelinin istefası ilə bağlı daha əvvəl də müxtəlif ehtimallar səsləndirilmişdi. Onun qərarının səhhəti ilə əlaqəli olduğu barədə xəbərlər yayılsa da, Parmelinin öz açıqlamasına əsasən, istefanın səbəbi sağlamlıq problemi deyil. O, 11 illik hökumət fəaliyyətindən sonra müəyyən yorğunluq hiss etdiyini və əvvəlki qədər həvəsli olmadığını bildirib.

Parmelinin gedişindən sonra Federal Şurada onun yerinə yeni üzv seçilməlidir. İsveçrə hökumətinin qaydalarına əsasən, Federal Şura üzvləri Federal Məclis tərəfindən seçilir və üzvlər istənilən vaxt istefa vermək qərarı qəbul edə bilərlər.