1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanda siyasi xaos və qeyri-sabitlik hökm
sürürdü. Daxili qarşıdurmaların artması, silahlı toqquşmalar və iqtisadi resursların tükənməsi vətəndaş
müharibəsi təhlükəsini labüd edirdi. Eyni zamanda, xarici təsirlərin və separatçı meyillərin güclənməsi
ölkəmizin gələcəyinə ciddi təhdid yaradırdı.
Bu mürəkkəb dövrdə xalqın bütün ümidləri yalnız Ümummilli Lider Heydər Əliyevə yönəlmişdi.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev dərhal milli qurtuluş
missiyasını üzərinə götürdü. Onun siyasi təcrübəsi, uzaqgörənliyi və qətiyyəti ölkədə sabitliyi bərpa
etməyə, siyasi xaosu aradan qaldırmağa və dövlət quruculuğunu möhkəmləndirməyə imkan verdi. Qısa
müddətdə Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu, milli həmrəylik və birlik möhkəmləndi. Bu
amillər Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir, xalqın taleyində əhəmiyyətli
mərhələ kimi yadda qaldı.
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev böyük
səs çoxluğu ilə inamlı qələbə əldə etmiş və bu nəticə Ulu Öndərin xalq tərəfindən geniş dəstəyə malik
lider olduğunu bir daha təsdiqləmişdir. Bu seçkilər müstəqilliyin qorunması, ölkədə sabitliyin təmin
olunması və hüquqi dövlət quruculuğunun təməl prinsiplərinin bünövrəsini qoymaq baxımından mühüm
əhəmiyyət daşımışdır. Seçkilərin nəticəsi olaraq respublikamız yeni dövrə qədəm qoydu.
İqtisadi sahədə Heydər Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın uzunmüddətli
inkişafının əsas prioritetlərindən birini təşkil edir. Bazar iqtisadiyyatına keçid, sahibkarlığın
dəstəklənməsi və xarici sərmayələr üçün əlverişli mühitin yaradılması ölkənin iqtisadi dayanıqlığını
təmin etdi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” dövlətimizin beynəlxalq enerji
layihələrində aktora çevrilməsinə, iqtisadi yüksəlişə və ölkənin strateji mövqeyinin möhkəmlənməsinə
şərait yaratdı.
Ümummilli Lider Heydər Əliyev ölkəmizdə hüquqi dövlət quruculuğunun gücləndirilməsinə
xüsusi önəm verirdi. Ulu Öndərin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum nəticəsində qəbul
edilmiş Konstitusiya Azərbaycanı demokratik, hüquqi və dünyəvi dövlət kimi təsbit etdi. Eyni zamanda,
siyasi sabitliyin təmin olunması gələcəkdə tarixi zəfərlərin qazanılması üçün əlverişli zəmin yaratdı.
Qanunun aliliyinin təmin olunması və vətəndaş hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər
həyata keçirildi. Həmin illərdə vətəndaş cəmiyyəti formalaşdı, hüquqi dövlətin əsas prinsipləri isə
demokratik ənənələrin inkişafı üçün möhkəm təməl yaratdı.
Milli həmrəylik və ideoloji birliyin təmin olunması Heydər Əliyevin siyasətinin prioritet
istiqamətlərindən biri idi. Onun formalaşdırdığı azərbaycançılıq konsepsiyası xalqı vahid dəyərlər və
məqsədlər ətrafında birləşdirdi. Həmçinin, bu faktorlar dövlətin inkişaf strategiyasında mühüm rol
oynamaqla gələcəkdə ölkənin suverenliyinin təmin edilməsində böyük önəm kəsb etdi.
Dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün müasir ordu quruculuğu istiqamətində
islahatlar reallaşdırıldı. Heydər Əliyev Silahlı Qüvvələrdə nizam-intizamın bərqərar edilməsinə xüsusi
diqqət ayırdı. Maddi-texniki bazanın möhkəmləndirilməsi, peşəkar hərbi kadrların hazırlanması və
orduda müasir standartların tətbiqi Azərbaycanın müdafiə imkanlarını xeyli artırdı. Bu tədbirlər sonrakı
illərdə ərazi bütövlüyünün qorunması və tarixi zəfərlərin qazanılması üçün həlledici rol oynadı. Ordu
quruculuğu dövlətimizin milli təhlükəsizlik strategiyasının əsas amillərindən birinə çevrildi.
Heydər Əliyev daxili sabitliyi təmin etməklə yanaşı, həm də xarici siyasətdə balanslı və
uzaqgörən mövqe nümayiş etdirdi. Azərbaycanın beynəlxalq nüfuzu möhkəmləndi, ölkəmiz dünya birliyi
ilə inteqrasiya prosesinə qədəm qoydu və etibarlı tərəfdaş kimi tanındı. Ermənistanın işğalçılıq siyasəti
ifşa edildi, diplomatik uğurlar əldə olundu, beynəlxalq təşkilatlarda ölkənin mövqeyi gücləndi. Bu
strategiya dövlətimizin qlobal siyasət arenasında mövqeyini möhkəmləndirdi və diplomatik nüfuzunu
artırdı.
Heydər Əliyev təməlini qoyduğu mütərəqqi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Azərbaycanın siyasi-iqtisadi və hərbi gücü daha da artıb, diplomatik mövqeyi
möhkəmlənib. Nəticədə 2020-ci ilin Vətən müharibəsində tarixi Zəfər əldə edilib, 2023-cü ildə həyata
keçirilən antiterror tədbirləri nəticəsində dövlət suverenliyi tam təmin olunub. Beləliklə, ölkəmiz
beynəlxalq arenada qüdrətli, nüfuzlu bir dövlət kimi tanınır. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik
ənənələri bu gün də Azərbaycanın tərəqqisində mühüm rol oynayır.
Aysel Qurbanova,
Sabirabad rayonu Xəlfəli kənd uşaq bağçasının müdiri