Вернуться назад Распечатать

1993-cü ilin oktyabrın 3-də Ulu Öndərin prezident seçilməsi milli iradənin təntənəsi idi

 

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri müstəqil Azərbaycanın tarixində
əlamətdar bir dönüş nöqtəsi oldu. O dövrdə ölkədə hökm sürən dərin siyasi böhran, sosial
gərginlik və idarəolunmazlıq şəraitində xalq çıxış yolunu axtarırdı. Azərbaycanı xaosdan,
parçalanmadan və vətəndaş qarşıdurmasından xilas edəcək liderə ehtiyac vardı. Xalq bu ağır,
taleyüklü məqamda müdrik və uzaqgörən bir qərar verərək, böyük etimadla Ulu Öndər Heydər
Əliyevi Prezident seçdi. Bu seçim sadəcə bir prezidentin seçilməsi deyildi. Bu, ölkənin
gələcəyini müəyyən edən, sabitliyə və inkişaf yoluna aparan tarixi bir addım idi. Məhz belə bir
həssas və təhlükəli mərhələdə xalqın Heydər Əliyevə üz tutması təsadüfi deyildi.
1993-cü ildə xalqın təkidli  tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər bəyan etmişdi
ki, Azərbaycan bu ağır çətinlikləri geridə qoyacaq, vətəndaşlar isə güclü və qüdrətli bir dövlətin
vətəndaşı olmaqdan qürur duyacaqlar: “Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə
götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm,
arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə
məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni
əsirgəməyəcəyəm.”
1993-cü ildən etibarən Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi
dövlət kimi formalaşaraq möhkəm təməllər üzərində inkişaf etməsi, sosial-iqtisadi həyatın
bütün sahələrini əhatə edən dərin islahatların və köklü dəyişikliklərin həyata keçirilməsi
bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-2003-cü illərdə
ölkəyə rəhbərlik etdiyi dövr müasir Azərbaycan tarixində həlledici mərhələ oldu. Məhz həmin
illərdə milli dövlətçiliyin möhkəm əsası qoyuldu, ölkənin daxili və xarici siyasət kursunun strateji
istiqamətləri müəyyənləşdirildi. O, qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və
anarxiyanı aradan qaldırdı. Ölkədə qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə
əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəetmə sistemi yaradıldı, vətəndaş
həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı.
Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət
xadimi,  xalq məhəbbətini qazanmış Ulu Öndər kimi qalıb və hər zaman da qalacaq. Onun
dərin mənalı və müdrik kəlamları bu gün də xalqımıza yol göstərir. Ulu Öndərin bu tarixi sözləri
isə əbədi yaddaşlarda yaşayır: “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə
Azərbaycanda əbədi olacağam.”
Ulu Öndərin xalqına sonsuz bağlılığı yalnız sözlərində deyil, gördüyü misilsiz işlərdə,
həyata keçirdiyi islahatlarda da öz əksini tapdı. Onun qısa müddətdə ölkəyə investisiya axınını
stimullaşdıran, müasir və innovativ inkişaf modelinin reallaşdırılmasına nail oldu. Bu model
özəl mülkiyyətçiliyə, sahibkarlığa və sərbəst rəqabətə yol açan, liberallığı ehtiva edən və sosial
yönümlü mahiyyət daşıyan iqtisadi sistem idi. “Azərbaycan dövlətinin strateji yolu yalnız
demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və
sahibkarlığın inkişafıdır”- deyən Ulu Öndər  demokratik düşüncə və həyat tərzinin bütün
dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun
alternativsizliyi fikrini ictimai rəyə aşılamışdır.
1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan sözün əsl mənasında müstəqil
həyat yaşayır. Ulu Öndər Prezident olduğu illərdə dövlətçiliyin əsaslarını qoydu, müstəqil
dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız formalaşdı, siyasi islahatların
aparılmasına başlandı, demokratik inkişafla bağlı önəmli qərarlar və qanunlar qəbul olundu.
İqtisadi sahədə liberallaşma siyasətinə start verildi və bazar iqtisadiyyatına keçid məhz Ulu
Öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirildi. Müasir Azərbaycan dövlətinin
formalaşması Onun  adı ilə sıx bağlıdır. Elə bir sahə yoxdur ki, bu dahi şəxsiyyətin orada
misilsiz xidmətləri olmasın. Ulu Öndər uzaqgörən daxili və xarici siyasəti ilə Azərbaycanın
beynəlxalq nüfuzunu artırmış, ölkənin hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini isə əbədi və
dönməz etmişdir. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Ulu Öndərin neft
strategiyasının bariz nümunəsi olaraq Azərbaycanın dünya iqtisadi sistemində mövqeyini
müəyyənləşdirdi və ölkəmizin uzunmüddətli inkişafının əsasını qoydu. Onun təşəbbüsü və
qətiyyəti ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələr “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-
Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri  Azərbaycanın iqtisadi inkişafına güclü
təkan verdi.

Qeyd edək ki, Ulu Öndərin nəsillərə nümunə olan həyat yolu xalqa fədakarlıqla xidmət
prinsipi üzərində qurulmuşdur. O, təkcə müstəqil Azərbaycan dövlətinin əbədiliyini təmin
etməklə kifayətlənməyib, həm də milli dövlətçiliyin təməlini qoyaraq müasir idarəçilik
məktəbinin əsasını yaradıb. Dahi Lider öz əzmi və uzaqgörənliyi ilə qurub-yaratdığı şah əsəri
hesab olunan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı  Müzəffər Ali Baş
Komandanımız cənab İlham Əliyevə etibar etmişdir.
Məhz  Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və müdrik sərkərdəliyi ilə
Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur. Bu tarixi Zəfər Ümummilli Liderin  ən böyük
arzusu olan Qarabağın düşmən işğalından azad edilməsi ilə gerçəkləşmişdir. Dahi şəxsiyyət
illər öncə böyük uzaqgörənliklə bildirirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır,
vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş
torpaqlarımız mütləq qaytarılacaqdır.”
Böyük Liderin illərlə həsrətlə gözlədiyi o şanlı an nəhayət ki, 2020-ci ilin noyabrında
yetişdi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və qoyduğu möhkəm təməl
sayəsində Azərbaycan dövləti ildən-ilə gücləndi, siyasi, iqtisadi və hərbi sahələrdə mühüm
nailiyyətlər əldə etdi. Beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan ölkəmiz öz suverenliyini
və milli maraqlarını qorumaq gücünə malik, qüdrətli bir dövlətə çevrildi. Məhz bu strateji
yanaşmanın və ardıcıl siyasətin nəticəsində Azərbaycan müasir, döyüş qabiliyyətli ordu
formalaşdırdı. 44 günlük Vətən müharibəsində xalq-ordu-dövlət birliyi bütün dünyaya nümunə
oldu və nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin edildi, torpaqlarımız işğaldan azad
olundu.
İndi tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu
uzaqgörən siyasət və Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kimi tarixi bəyanatı
artıq reallığa çevrilib. Azərbaycanın şanlı Bayrağı artıq Qarabağın bütün bölgələrində
dalğalanır. 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə və  3 il sonra cəmi 23 saat
43 dəqiqə ərzində peşəkar şəkildə həyata keçirilmiş lokal antiterror tədbirləri sayəsində
Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Əfsər Əzizov,
RİHB aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Sosial-iqtisadi
məsələlər, İnformasiya təminatı və təhlil sektorunun baş məsləhətçisi (əhali ilə görüşün
təşkilatçısı)