Вернуться назад Распечатать

Süni intellekt şirkəti gizli biologiya laboratoriyası yaradıb

1xeber.media xəbər verir ki, süni intellekt sahəsində fəaliyyət göstərən “Anthropic” şirkəti dərmanların hazırlanması üzrə tədqiqatlarını genişləndirmək üçün ABŞ-da öz biologiya laboratoriyasını yaradıb.

Reuters-in məlumatına görə, şirkət laboratoriyada süni intellekt tərəfindən hazırlanmış elmi hipotezlərin real bioloji təcrübələrlə yoxlanılması imkanlarını araşdırır.

Bu yanaşma süni intellekt şirkətlərinin fəaliyyətində yeni mərhələ hesab olunur. Əvvəllər əsasən proqram təminatı və rəqəmsal modellər üzərində çalışan şirkətlər getdikcə fiziki laboratoriya və bioloji tədqiqatlara da sərmayə qoymağa başlayırlar.

“Anthropic”in bu istiqamətdəki fəaliyyəti süni intellektin yeni dərmanların hazırlanması prosesində istifadəsini genişləndirə bilər. AI modelləri böyük həcmdə elmi məlumatları təhlil edərək potensial dərman molekullarının və bioloji proseslərin araşdırılmasına kömək edə bilər.

Şirkətin laboratoriya yaratması həm də süni intellekt sektorunda rəqabətin artıq yalnız çat-botlar və proqram təminatı ilə məhdudlaşmadığını göstərir. Böyük texnologiya şirkətləri elmi tədqiqat və səhiyyə sahələrində də yeni imkanlar axtarırlar.