Binəqədi -“Gənclik" metro stansiyası istiqamətində hərəkət edən 133 nömrəli marşrut avtobusunda sərnişinlərlə nəqliyyat işçiləri arasında gərgin anlar yaşanıb. Hadisə saat 19 radələrində qeydə alınıb.
1xeber.media xəbər verir ki,Modern.az-ın əldə etdiyi məlumata görə, münaqişəyə xanım sərnişinin avtobusa ön qapıdan deyil, arxa qapıdan daxil olması səbəb olub. Bunu görən sürücü və dispetçer həmin xanımın nəqliyyat vasitəsini tərk etməsini tələb ediblər.
Xanım sərnişin düşməkdən imtina etdikdə isə dispetçer avtobusdakı bütün sərnişinlərin aşağı enməsini, əks halda xəttə davam etməyəcəklərini bildirib. Nəticədə avtobus 10 dəqiqə hərəkətsiz və qapısı bağlı halda dayanıb.
Dispetçerin bu addımı avtobusda olan digər sərnişinlərin kəskin etirazına və tərəflər arasında mübahisənin böyüməsinə gətirib çıxarıb.
Sərnişinlər bildirirlər ki, 133 nömrəli xətt üzrə bənzər hallar müntəzəm olaraq təkrarlanır. Sərnişinlərin sözlərinə görə, sürücü və dispetçerlər tərəfindən onlara qarşı tez-tez kobud rəftar olunur.
Qeyd olunur ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti rəhbərliyə müraciət olunsa da, heç bir tədbir görülməyib və şikayətləri cavabsız qalıb.