“Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər”.
1xeber.media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.”
“O cümlədən Azərbaycanda müəyyən beynəlxalq risklərin azaldılması üçün görüşlər, tədbirlər keçirilir. Nə üçün Azərbaycan seçilir? Çünki birincisi, bizə inam var. Çünki bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. İkincisi, indi bir çox ölkələr müxtəlif düşərgələrə üzv olublar, yaxud da ki, olmaq istəyirlər.
Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu bizə lazım deyil. Ərazisi və əhalisi o qədər də böyük olmayan ölkə üçün müstəqil bir amil kimi dünya miqyasında dayanmaq və hörmət qazanmaq, əlbəttə ki, asan deyil. Bunun bir çox səbəbləri var, bu barədə çox danışmaq istəməzdim. Sadəcə olaraq, bundan sonra da vəzifələr sırasında xarici siyasətimizin müdafiəyönümlü yox, həm aktiv, daha çox fəalyönümlü olması lazımdır”.