ABŞ-nin yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri Kemp-Deviddə bir neçə saat davam edən qapalı iclasda İranla müharibədə atılacaq növbəti addımları və Səudiyyə Ərəbistanının Yəməndə husilərlə qarşıdurmasını müzakirə ediblər.
1xeber.media xəbər verir ki, bu barədə “Axios” rəsmi mənbələrə istinadla məlumat yayıb.
İclasa ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens sədrlik edib. Görüşdə dövlət katibi Marko Rubio, müharibə naziri Pit Heqset, Ağ Evin xüsusi nümayəndəsi Stiven Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff və Silahlı Qüvvələrin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn iştirak edib.
ABŞ rəsmilərindən biri “Axios”a bildirib ki, görüşdə Yaxın Şərq böhranı ilə bağlı qərarlar qəbul edilib və ya ən azı dərin müzakirələr aparılıb. Ağ Ev görüşlə bağlı şərh verməkdən imtina edib.
“Axios” yazıb ki, ABŞ Prezidenti Donald Tramp danışıqların dayandırılması fonunda İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa edilməsini nəzərdən keçirir. Səudiyyə Ərəbistanı da ABŞ-dən husilərə qarşı planlaşdırılan əməliyyatda iştirak etməsini və hava zərbələri endirməsini istəyib. ABŞ rəsmilərinin sözlərinə görə, Tramp indiyədək bu tələblə bağlı istək nümayiş etdirməsə də, mövqeyi dəyişə bilər.
Kemp-Devid görüşünün keçirildiyi vaxt Tramp İrana qarşı növbəti addımı ilə bağlı sualı cavablandırarkən deyib: “Sizə deyə bilərəm ki, xəbəriniz olacaq, görəcəksiniz. Gedişat çox yaxşıdır. İranın vəziyyəti yaxşı deyil”.
Nəşr əlavə edib ki, buna bənzər sonuncu görüş 2025-ci ilin iyununda, İsrailin İrana qarşı müharibəyə başlamasından cəmi bir neçə gün əvvəl keçirilib.