1xeber.media xəbər verir ki, Efiopiya və Eritreya arasında münasibətlər kəskin şəkildə pisləşib və iki ölkə diplomatik əlaqələri dayandırıb.
Efiopiya hökuməti Eritreyadakı səfirliyini bağlamaq və ölkədəki 10 Eritreya diplomatını “persona non qrata” elan etmək qərarına gəlib. Diplomatlara ölkəni tərk etmələri üçün 48 saat vaxt verilib.
Efiopiya Xarici İşlər Nazirliyi bu addımı Eritreyanın ölkəyə qarşı “birbaşa və dolayı düşmənçilik fəaliyyəti” ilə əlaqələndirib. Eritreya isə ittihamları rədd edərək Efiopiyanın qərarına cavab olaraq Addis-Abebadakı səfirliyini bağlayıb və diplomatik əlaqələri kəsib.
Qərar Efiopiyanın şimalındakı Tiqray bölgəsində silahlı qarşıdurmaların yenidən güclənməsi fonunda qəbul edilib. Tərəflər bir-birini regiondakı silahlı qüvvələri dəstəkləməkdə ittiham edir. Afrika İttifaqı isə tərəfləri təmkin nümayiş etdirməyə və dialoqa çağırıb.