1xeber.media xəbər verir ki, Avrozonada şirkətlərin böyük hissəsi süni intellekt layihələrini maliyyələşdirmək üçün bank kreditlərindən deyil, öz vəsaitlərindən istifadə edir.
Avropa Mərkəzi Bankının yayımladığı təhlilə əsasən, regiondakı şirkətlərin təxminən 72 faizi süni intellektə investisiyaları daxili maliyyə hesabına həyata keçirməyi planlaşdırır. Bank kreditlərindən istifadə etməyi düşünən şirkətlərin payı isə 16 faizdir.
Şirkətlərin yalnız 6 faizi səhm və vençur kapitalından, 1 faizi isə borc qiymətli kağızlarının buraxılmasından istifadə etməyi nəzərdən keçirir.
Ekspertlər bunu Avropada proqram təminatı və digər qeyri-maddi aktivlərə investisiya üçün xarici maliyyə əldə etməyin daha çətin olması ilə əlaqələndirirlər. ABŞ-da böyük texnologiya şirkətləri isə süni intellekt infrastrukturu üçün daha çox borclanmaya üstünlük verirlər.