Paytaxt ərazisində müşahidə olunan intensiv yağıntılarla əlaqədar olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş və fasiləsiz iş rejiminə keçib.
1xeber.media xəbər verir ki,agentliyin əməkdaşları və xüsusi texnikaları subasma riski yüksək olan kritik nöqtələrdə, xüsusilə də "Bağırov" körpüsü ərazisindəki tuneldə yağış sularının idarə olunması və kənarlaşdırılması istiqamətində operativ işlər həyata keçirir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, ərazidə subasmanın qarşısını almaq və nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə xüsusi nasoslar və su-çəkmə mexanizmləri işə salınıb. Yağış sularının vaxtında təxliyə edilməsi üçün tədbirlər Fövqəladə Hallar Nazirliyi (FHN) və Bakı Şəhər İcra Hakimiyyəti ilə koordinasiyalı şəkildə, intensiv sürətlə idarə olunur.
Hazırda briqadalar tərəfindən həm mərkəzi prospektlərdə, həm də kollektor xətlərində təmizləmə və suyun kənarlaşdırılması əməliyyatları növbəli şəkildə davam etdirilir. Vətəndaşlardan və sürücülərdən yağıntılı hava şəraitində diqqətli olmaları, yaranan çətinliklərlə bağlı qurumun operativ çağrı mərkəzlərinə məlumat vermələri xahiş olunur