“2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan tərəfindən Naxçıvan Sazişinin imzalanması türk dünyasında çoxtərəfli əməkdaşlığın institutsional müstəviyə keçirilməsi baxımından müstəsna dönüş nöqtəsi olub”.
1xeber.media xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
MHP lideri bildirib ki, bu sazişlə hazırkı adı ilə Türk Dövlətləri Təşkilatının əsası qoyulub:
“Naxçıvan Sazişi türk dövlətləri arasındakı tarixi, mədəni və humanitar əlaqələrin dövrün şərtlərinə uyğun institutsional struktur çərçivəsində inkişaf etdirilməsi istiqamətində ortaya qoyulmuş iradənin təzahürüdür. Ötən müddət ərzində türk dövlətləri arasındakı münasibətlər siyasi-diplomatik təmaslardan iqtisadiyyata, nəqliyyatdan enerjiyə, təhsildən mədəniyyətə, təhlükəsizlikdən elm və texnologiyaya qədər uzanan geniş əməkdaşlıq perspektivi çərçivəsində dərinləşib. Tarixi bağlar yalnız keçmişin xatirəsi kimi qorunmadı, gələcəyin ortaq imkanlarını formalaşdıran zəminə çevrildi”.
Baxçalı vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının yaradılması ilə türk dünyasındakı əməkdaşlıq daha əhatəli və institutsional xarakterə qovuşub:
“Bu gün Türk Dövlətləri Təşkilatı türk dövlətlərinin ortaq məsələlərini məsləhətləşmə, həmrəylik və əməkdaşlıq anlayışı çərçivəsində nəzərdən keçirən, siyasi, iqtisadi, mədəni və strateji sahələrdə əlaqələrin inkişafına töhfə verən mühüm beynəlxalq təşkilat kimi fəaliyyətini davam etdirir. Türk dünyasının gələcəyi tarixi yaddaşın qorunması, mədəni bağların gücləndirilməsi və sahib olduğumuz ortaq irsin elm, texnologiya, iqtisadiyyat, təhsil və diplomatiya sahələrində konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq.
Naxçıvan Sazişi ilə ortaya qoyulan iradənin türk dünyasının gələcəyinə uzanan institutsional baxışın təməl daşlarından biri olduğuna inanırıq. Bu iradənin daha yüksək səviyyələrə daşınması dövlətlərimiz arasındakı həmrəyliyin gücləndirilməsi, ortaq maraqların qorunması və türk dünyasının regional və qlobal miqyasda daha fəal mövqeyə çatması baxımından əhəmiyyətlidir. Türk dünyasının birliyi, dirliyi və gələcəyi daim olsun”.