Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində fəaliyyət göstərən Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi ilə Dövlət Vergi Xidməti arasında ƏDV hesablamaları ilə bağlı məhkəmə mübahisəsi yaranıb.
1xeber.media Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Mərkəzin müxtəlif dövrlər üzrə ƏDV bəyannamələrində uyğunsuzluqlar müəyyən edib və əlavə vergi hesablanması barədə qərarlar qəbul edib.
Məhkəmə materiallarında göstərilir ki, 2022-ci ilin may ayı üzrə Mərkəzə 180 min manat, 2024-cü ilin oktyabr ayı üzrə 55 055,81 manat, 2024-cü ilin noyabr ayı üzrə isə 305 084,75 manat əlavə ƏDV hesablanıb. Bu üç məbləğin cəmi 540 140,56 manat təşkil edir.
Sənədlərdə 2022-ci ilin iyun ayı üzrə bəyannamədə də ciddi fərqin müəyyən edildiyi qeyd olunur. Vergi orqanının hesablamasına görə, həmin dövrdə ƏDV depozit hesabına daxil olmuş 180 min manat vəsait 18 faizlik ƏDV dərəcəsi nəzərə alınmaqla 1 milyon manatlıq ƏDV-siz dövriyyəyə uyğun gəlib.
Mərkəzin təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamədə isə həmin göstərici 200 650 manat göstərilib. Vergi orqanı bu rəqəmlər arasında 799 350 manat fərq müəyyən edib.
Bununla belə, iş materiallarından görünür ki, 2022-ci ilin iyun ayı üzrə əvvəl qəbul olunmuş əlavə vergi hesablanması qərarı Mərkəzin sonradan təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə nəzərə alındıqdan sonra ləğv edilib və şəxsi hesab vərəqəsində düzəliş aparılıb.
Vergi orqanının apardığı daha geniş araşdırma 2020-2024-cü illəri də əhatə edib. Məhkəmə sənədində göstərilir ki, həmin dövrdə Mərkəzin təqdim etdiyi mallar, iş və xidmətlərə görə hesablaşma və ƏDV sub-uçot hesablarına daxil olan vəsaitlərlə təqdim edilmiş ƏDV bəyannamələrində göstərilən vergi öhdəlikləri arasında fərqlər müəyyən edilib.