Вернуться назад Распечатать

Müstəqilliyimizin və milli birliyimizin memarı – Heydər Əliyev

Azərbaycanın müasir tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı və misilsiz xidmətləri ilə ayrılmaz şəkildə bağlıdır. 1993-cü il oktyabrın 3-də xalqın mütləq iradəsi ilə müstəqil Azərbaycanın Prezidenti seçilən Ulu Öndər, təkcə siyasi idarəçiliyi deyil, həm də uçurumun kənarında olan bir millətin gələcək taleyini öz çiyinlərinə götürdü. Həmin tarixi sınaq günlərində atılan qətiyyətli addımlar müstəqilliyimizin ölüm-qalım imtahanından uğurla keçməsini təmin etdi.

Ulu Öndərin dövlətçilik, dünyavilik və müasirlik prinsiplərinə söykənən ideyaları bu gün Azərbaycan cəmiyyətinin dünyagörüşü sisteminin ayrılmaz bir parçasına çevrilib. O, hələ SSRİ dönəmində, imperiya asılılığında belə milli maraqları hər şeydən uca tutaraq xalqa vicdanla və ləyaqətlə xidmət etməyin mümkünlüyünü öz şəxsi nümunəsində sübut etmişdi. Müstəqillik illərində isə dağınıq və xaos içində olan qüvvələri bir araya gətirərək, milli birliyi dövlətin ən sarsılmaz güc amilinə çevirməyi bacardı.
Bu gün qətiyyətlə vurğulaya bilərik ki, müstəqilliyimizin qorunması, nizami və qüdrətli ordunun qurulması, ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsi Heydər Əliyev siyasətinin başlıca qayəsi olub. Onun uzaqgörən neft və enerji strategiyası, qlobal investisiya layihələri bu gün bütöv və suveren Azərbaycanda dalğalanan üçrəngli bayrağımızın maddi və mənəvi güc sütunudur. Azərbaycan xalqı Ümummilli Liderin qurduğu möhkəm dövlətçilik təməlləri üzərində hər zaman sabaha inamla baxır və onun müqəddəs irsini uca tutur.