Azərbaycanın müasir tarixində 4 oktyabr xüsusi bir gün kimi xatırlanır. Bu gün 27 illik
işğaldan sonra qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə azad edilmiş Cəbrayıl şəhərinin
tarixi zəfər günü kimi qeyd olunur.
1993-cü ildə Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal
nəticəsində rayonun bütün yaşayış məntəqələri dağıdıldı, infrastruktur məhv edildi, yüzlərlə
tarixi, mədəni və dini abidə vandalizmə məruz qaldı. Qədim yurd yeri viran edilmiş, on minlərlə
Cəbrayıl sakini doğma torpaqlarından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa
məcbur olmuşdu. Cəbrayılın işğalı eyni zamanda strateji baxımdan da ağır nəticələr
doğurmuşdu. Arazboyu ərazilərin düşmən tərəfindən zəbt edilməsi Azərbaycanın regiondakı
təhlükəsizliyinə təhdid yaratmışdı.
Uzun illər işğal altında qalan Cəbrayıl rayonunda yalnız Cocuq Mərcanlı kəndi 2016-cı il
Aprel döyüşlərindən sonra yenidən dirçəlişə başladı. Lələtəpə yüksəkliyinin azad olunması
Cocuq Mərcanlının bərpasına imkan yaratdı və bu kənd Vətən müharibəsindən öncə
Cəbrayılın dirçəliş simvoluna çevrildi. 2020-ci il sentyabrında başlayan 44 günlük Vətən
müharibəsinin ən mühüm mərhələlərindən biri məhz Cəbrayıl istiqamətində aparılan
əməliyyatlar oldu. 4 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir
sıra kəndlərini işğaldan azad etdi. Bu, hərbi əməliyyatların gedişinə ciddi təsir göstərərək
strateji üstünlük qazandırdı. Cəbrayıl əməliyyatı həm mürəkkəbliyi, həm də əhəmiyyəti ilə
seçildi. Azərbaycan əsgərinin igidliyi nəticəsində düşmənin güclü müdafiə xətti yarıldı, işğalçı
qüvvələr geri çəkilməyə məcbur edildi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 4 oktyabr
2020-ci ildə xalqa müraciəti zamanı Cəbrayılın azad edilməsi xəbəri böyük ruh yüksəkliyi
yaratdı. Noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və bu
qəhrəmanlıq tarixdə əbədiləşdirildi. Ən mühüm məqamlardan biri isə Azərbaycan bayrağının
əsrlərin şahidi Xudafərin körpüsündə qürurla dalğalanması oldu. Bu, tarixi ədalətin bərpasının
və milli iradənin təntənəsinin rəmzinə çevrildi. Zəfərdən sonra Cəbrayıl rayonunda
genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyevin dəfələrlə Cəbrayıl
rayonuna səfərləri bərpa prosesinə xüsusi önəm verildiyinin göstəricisidir.
“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun
sosial-iqtisadi inkişafı üçün mühüm hadisədir. Hazırda rayonda elektrik təchizatı, yol
infrastrukturu və digər zəruri sahələr sürətlə bərpa olunur.
“Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənib. Bu plan
çərçivəsində şəhərin müasir standartlara uyğun yenidən qurulması, yaşayış komplekslərinin
salınması və əhalinin mərhələli şəkildə doğma torpaqlara qaytarılması nəzərdə tutulub. Artıq
Cəbrayıl şəhərinə ilk köç karvanı çatıb. Yeni yaşayış kompleksi ilə yanaşı, Böyük Mərcanlı,
Karxulu, Sarıcallı, Maşanlı və digər kəndlərdə də bərpa işləri sürətlə aparılır. Bu isə yaxın
gələcəkdə Cəbrayılın yenidən həyat dolu bir məkana çevriləcəyini göstərir.
4 oktyabr – Cəbrayıl şəhəri günü təkcə bir rayonun azad olunması deyil, bütövlükdə
Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu gün həm şəhidlərimizin
müqəddəs xatirəsinə ehtiramın, həm də Böyük Qayıdışın başlanğıcının rəmzidir.
Cəbrayılın işğaldan azad olunması tarixi ədalətin bərpası idi, bu gün isə bərpa-quruculuq işləri
Azərbaycanın gələcəyə inamla baxdığını göstərir.
Elbrus Əhmədov,
Sabirabad RİH başçısının Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi