Azərbaycanda minlərlə ailənin yaşadığı, lakin hüquqi baxımdan tam rəsmiləşdirilməyən evlər hələ də ciddi problem olaraq qalır.
Çıxarışın olmaması təkcə əmlakın alqı-satqısını və vərəsəlik məsələlərini çətinləşdirmir, həm də həmin əmlakların vergiyə cəlb olunması ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərin rəsmiləşdirilməsi niyə ləngiyir və bu problemin həlli üçün hansı addımlar atılmalıdır?
1business.media xəbər verir ki, Azərbaycanda çıxarışsız evlər problemi uzun illərdir müzakirə olunur. Çıxarışın olmaması ev sahibinin əmlakını satmasından tutmuş bağışlamasına qədər bir çox məsələdə çətinlik yaradır. Eyni zamanda, belə evlərin alqı-satqısı da problemə çevrilir və bu, onların bazar dəyərinə təsir göstərə bilər.
Millət vəkili Siyavuş Novruzov bildirib ki, Azərbaycanda təxminən 500 min fərdi evin sahibi çıxarışı olmadığı üçün əmlak vergisi ödəmir.
Millət vəkili sənədsiz evlərin dövlət qeydiyyatına alınmasının və onlara çıxarış verilməsinin sürətləndirilməsini təklif edib.