Qlobal geosiyasətin və regional informasiya axınlarının mürəkkəbləşdiyi bir dövrdə, qardaş Türkiyə və Azərbaycan arasındakı strateji müttəfiqliyə kölgə salmağa çalışan dairələrin fəaliyyəti təəssüf ki, səngimir, əksinə daha da genişlənir. Bəzi marginal qruplar və destruktiv ünsürlər hər fürsətdə ictimai rəyi çaşdırmağa, reallıqları təhrif etməyə və ölkələrimiz arasındakı əlaqələrə şübhə toxumu səpməyə çalışırlar. Lakin rəsmi statistika, hüquqi sənədlər və obyektiv faktlar həmişə olduğu kimi bu qərəzli iddiaların əsassızlığını üzə çıxarır.
Məsələn, Azərbaycandakı ümumtəhsil məktəblərində vahid geyim və dünyəvi təhsil prinsiplərinə uyğun olaraq baş örtüyünün tənzimlənməsi məsələsi bəzi dairələr tərəfindən qəsdən təhrif olunaraq Türkiyə cəmiyyətində yanlış təəssürat yaratmaq və qardaş ölkələr arasındakı münasibətlərə kölgə salmaq üçün manipulyasiya alətinə çevrilir.
Tanınmış türk jurnalist Ardan Zentürk Türkiyədə Azərbaycana qarşı başladılan haqsız kampaniyalara cavab verərək, digər müsəlman əksəriyyətli ölkələrdə də məktəblərdə baş örtüyü və dini geyim elementləri ilə bağlı məhdudiyyətlərin mövcud olduğunu diqqətə çatdırmağa çalışıb. O, bununla da Azərbaycana qarşı irəli sürülən iddiaların ikili standartlara əsaslandığını vurğulayıb.

Biz bu təhlildə müsəlman çoxluqlu ölkələrin qanunvericiliyində və rəsmi sənədlərində məktəb forması ilə bağlı qoyulan tələblərin mahiyyətini dəqiqləşdirməyə çalışmışıq.
Qazaxıstan
Qazaxıstanda qəbul olunan 14 yanvar 2016-cı il tarixli, 26 nömrəli əmr Ədliyyə Nazirliyində 16 fevral 2016-cı ildə 13085 nömrəsi ilə qeydiyyata alınıb və “Adalet” sistemində dərc olunub. Bu, Qazaxıstanın məktəb formasına dair əsas normativ aktıdır.

Mətn 2022 və 2025-ci illərdə redaktə edilib, amma dini geyim bəndi dəyişməz olaraq qüvvədə saxlanılıb. Aktı o vaxtkı təhsil və elm naziri Aslan Sarincipov imzalayıb.

Əmr “Təhsil haqqında” qanunun 5-ci maddəsinin 20-ci bəndinə əsaslanır. Həmin bənd Nazirliyə məcburi məktəb formasının tələblərini təsdiq etmək səlahiyyəti verir. Bu,normativ hüquqi aktdır və dövlət orta təhsil müəssisələri üçün məcburidir.
Məqsəd sosial və əmlak fərqini azaltmaq və təhsilin dünyəvi xarakterini qorumaqdır. Konstitusiyanın 1-ci maddəsi Qazaxıstanı dünyəvi dövlət elan edir. “Təhsil haqqında” qanun da təhsil sistemini dindən ayrı saxlayır.
Əmr dörd bənddən ibarətdir. Birincisi, əlavə olunan “Tələblər”i təsdiq edir. İkincisi, Ədliyyə Nazirliyində qeydiyyat, mətbuatda və “Adilet”də dərc, nazirliyin saytında yerləşdirmə tapşırır. Üçüncüsü, nəzarəti o vaxtkı nazir müavini Y. N. İmanqaliyevə həvalə edir. Dördüncüsü, qüvvəyə minmə müddətini göstərir.
Digər bəndləri bir kənara qoyaraq əsas araşdırma predmetimiz olan dini geyimi ehtiva edən 13-cü bəndə diqqət yetirək: “Müxtəlif konfessiyaların dini mənsubiyyət daşıyan geyim elementlərinin məktəb formasına daxil edilməsinə yol verilmir.”
Bəndin şərhi:


Bir məqamı da qeyd edək ki,19-cu bənddə (2022 redaksiyası) fason və ətək uzunluğunu məktəb və şura müəyyən edir, ümumməktəb valideyn yığıncağının protokolu ilə təsdiqlənir. Valideyn və şagirdlər yalnız bu tələblər çərçivəsində özünüidarə təklifləri verə bilərlər. Yəni 13-cü bənd yerli qərarla ləğv edilə bilməz.
2026-cı ildə maarif naziri hicaba yol verən özəl məktəblərin lisenziyasının alına biləcəyini deyib.
Qazaxıstanda üzörtüyünə dair ayrı, 2023-cü ildən sonrakı ictimai məhdudiyyətlər bu əmrin predmeti deyil.
Əmr vahid rəngli, klassik, dünyəvi forma qurur və dini elementi forma siyahısından çıxarır. Məktəb fasonu və ətək uzunluğunu yerli şura ilə seçə bilər, dini elementi isə yox. Qadağa bütün dinlərə eyni cür şamil edilir. Tətbiqdə əsas mübahisə qızların baş örtüyüdür, çünki nazirlik 2016-cı ildən bəri 13-cü bəndi məhz belə qəbul edir və bu şərtlər 2026-cı ildə də dəyişməyib.
Özbəkistan
Nazirlər Kabinetinin “Dövlət ümumtəhsil müəssisələrinin şagirdlərinin müasir vahid məktəb forması ilə təmin edilməsi tədbirləri haqqında” 15 avqust 2018-ci il tarixli 666 nömrəli Qərarı bir gün sonra (16 avqust 2018-ci ildə) qüvvəyə minib.

Əsas qaydalar:
Yəni “başlıqsız gəlməyi qadağan edib” ifadəsi yoxdur, Qayda əksini tələb edir: məktəb daxilində baş örtüyü olmamalıdır.
2021-ci ildə o vaxtkı xalq təhsili naziri Şerzod Şermatov ağ və ya açıq rəngli, ensizdən bağlanan milli yaylıq və doppiyə (milli papaq) istisna kimi icazə verildiyini deyib. 2025-ci ilin dekabrında təhsil nəşrləri “666 saylı qərar”ı hələ də hicabı qadağan edən norma kimi sitat gətirirlər.
Tacikistan. 20 iyun 2024-cü ildə parlament “milli mədəniyyətə yad geyim”in idxalı, satışı və geyilməsini cərimələyən qanun qəbul edib. Bu qanun, hətta məktəbdən kənara da çıxarılan ən sərt qaydalardandır. Tacikistan Respublikasının 20 iyun 2024-cü il tarixli, 2048 nömrəli “Tacikistan Respublikasında təntənə və mərasimlərin tənzimlənməsi haqqında” qanununu “Aşağı Palata” (Məclisi Namoyandagon) 8 may 2024-cü ildə 1302 nömrəli qərarla qəbul edib, “Yuxarı palata” (Məclisi Milli) 19 iyun 2024-cü ildə 499 nömrəli qərarla təsdiqləyib. Prezident Emoməli Rəhman 20 iyun 2024-cü ildə imzalayıb. Tam mətn 22 iyun 2024-cü ildə hökumət qəzeti “Ҷумҳурият”də dərc olunub və həmin gündən qüvvəyə minib.

Geyimlə bağlı qeyd 18-ci maddənin 5-ci hissəsindədir:
“Tacikistan Respublikasının vətəndaşları və hüquqi şəxsləri milli mədəniyyətin ünsürlərinə, o cümlədən dövlət dilinə və milli geyim geyinməyə riayət etməyə borcludurlar. Milli mədəniyyətə yad geyimin idxalı, satışı və təbliği, habelə belə geyimlərin ictimai yerlərdə geyilməsi qadağan edilir.”
Mətndə “hicab”, “satr” və “çadra” sözləri yoxdur. “Yad geyim” ifadəsinin də tam izahı verilmir. Amma qeyd etməliyik ki, tətbiqdə və parlament müzakirəsində hədəf əsasən hicab və ərəb üslublu qara geyim haqda olub. Xarici İşlər Nazirliyi sonradan bunun satr və hicab qadağası olmadığını, milli geyimin özünün örtük sayıldığını deyib.
Qadağa idxal, satış, təbliğ və ictimai yerlərdə geyinməyə aiddir, yəni konkret məktəblə məhdudlaşmır, hüdudları aşaraq daha geniş spektri əhatə edir.
Kosovo. Bu ölkənin əhalisinin təxminən 90 faizi müsəlmandır. Təhsil Nazirliyi Konstitusiyadakı “dünyəvi dövlət” maddəsini əsas gətirərək 2009-cu ilin sonunda dövlət ibtidai və orta məktəblərində dini geyimi qadağan etməsi haqda qərar qəbul edib. Qadağa Təhsil Nazirliyinin inzibati təlimatındadır və rəsmi mətn 11 may 2010-cu ildə dərc olunub.
11 may 2010-cu il, Təhsil, Elm və Texnologiya Nazirliyinin 6/2010 nömrəli inzibati təlimatı: “Ali orta məktəb şagirdləri üçün davranış kodeksi və intizam tədbirləri”. Qeyd edək ki, Təlimatın statusu “ləğv edilib”, qüvvədə olan varisi 28 yanvar 2014-cü il tarixli, 6/2014 nömrəli inzibati təlimatdır

Qadağan olunmuş hərəkətlər siyahısında 1.13-cü bənd: “dini formanın geyilməsi” (Bartja e uniformës fetare). “Hicab” sözü mətndə olmasa da məktəb direktorluqları bu bəndi “baş örtüyünə” tətbiq ediblər.
2009–2010-cu illərdə bəzi ibtidai məktəblər də eyni əsasla qızları dərslərə buraxmayıblar.
Kosovo Konstitusiyasının 8-ci maddəsində yazılıb: “Kosovo Respublikası dünyəvi dövlətdir və dini etiqad məsələlərində bitərəfdir.” İngiliscə: “The Republic of Kosovo is a secular state and is neutral in matters of religious beliefs.”
Nazir Enver Hoxhaj 2010-cu ilin iyununda “Reuters”-ə deyib ki, qərar bu maddəyə uyğundur və razı olmayan Konstitusiya Məhkəməsinə müraciət edə bilər.

BBC də qərarın dünyəvi Konstitusiya ilə əlaqələndirilməsinə dair məqalə dərc edib.

2025-ci ildə Ali Məhkəmə “Arrita” şəbəkəsinin 6/2014-cü maddəni qanunsuz saymaq iddiasını rədd edib və dini formanın qadağasını daha yüksək hüquqi akta uyğunluğunu təsdiqləyib. Bəzi məktəblərdə qızların dərsə buraxılmaması halına rast gəlinib.
Tunis. 1981-ci ildən məktəb və dövlət idarələrində baş örtüyü qadağan idi. Sonradan (2011-ci ildə) qadağa götürülüb. 2019-cu ildən təhlükəsizlik məsələləri əsas gətirilərək “niqab” dövlət müəssisələrində qadağan edilib.
Qadağa 1981-ci il tarixli 108 nömrəli inzibati sirkulyardır (circulaire 108, المنشور 108). Onu Habib Burgibanın dövründə hökumət çıxarıb. Predmeti “təfriqəçi geyim”dir (vêtement sectaire, الزي الطائفي). Hicab sözü aktın adında yoxdur. Tətbiq məktəb, universitet və dövlət idarələrində baş örtüyünə olub.
Bunu ABŞ-nin Tunis səfirliyinin 2006-cı il teleqramında belə yazılır: 1981-ci ildə hökumət 108 nömrəli qayda ilə dövlət qulluqçularına, tələbə və müəllimlərə “təfriqəçi geyim”i qadağan edib, sonra bu, hicaba qarşı tətbiq olunub.

Bəzi ərəb mənbələri aktı Təhsil Nazirliyinin 1982-ci il sirkulyarı kimi də qeyd edir.
5 iyul 2019-cu ildə baş nazir Yusif Şahid sirkulyar imzalayıb. Təhlükəsizlik məsələləri əsas gətirilərək üzübağlı şəxsin dövlət idarələri və ictimai müəssisələrə girişini qadağan edir. Səbəb kimi 27 iyun 2019-cu ildə Tunisdə baş verən partlayışlar göstərilir. Şahidlər intiharçının niqabda olduğunu deyib, Daxili İşlər Nazirliyi bunu təkzib edib. Hökumət sözçüsü İyed Dahmani cari ilin iyul ayında sirkulyarın qüvvədə qaldığını deyib.
Türkmənistan
Dövlət türkmən milli geyimini (o cümlədən ənənəvi, ensizdən bağlanan yaylıq) təşviq edir, qara hicab və “yad” dini geyimi məktəb və dövlət idarələrində qeyri-rəsmi qadağan edir.
Beləliklə, eyni məntiqli qayda Qazaxıstanda on, Özbəkistanda səkkiz, Kosovoda on beş ildir qüvvədədir. Bu müddətdə həmin ölkələrə qarşı Türkiyə mediasında etiraz, mitinq və “qardaşlığa xəyanət” kampaniyası qurulmayıb. Azərbaycanda oxşar dünyəvi forma qaydası tətbiq olunanda isə məsələ dərhal “İslama hücum” və “müsəlmanlara təzyiq” çərçivəsinə salınır. Ardan Zentürkün müdaxiləsi də bu uyğunsuzluğu göstərir. Bizim araşdırma da onun əsas tezisini təsdiqləyir.
Hüquqi məzmun da kampaniyanın iddia etdiyi kimi deyil. Bu aktların heç biri din qaydalarını qadağan etmir, məscidi bağlamır, küçədə baş örtüyünü cinayət saymır. Onlar dövlət məktəbində formanın dünyəvi xarakterini qoruyur. Qazaxıstan bunu “yol verilmir” deyir, Özbəkistan "hicab"ı nümunə kimi yazır, Kosovo “dini forma” deyir, Azərbaycanın 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı isə formanı pozan və dünyəvilik prinsipinə uyğun gəlməyən əlavə əşyanı qadağan edir. Söz fərqlidir, funksiya eynidir. “Hicab” sözünün mətndə olmaması qadağanın olmadığını göstərmir. Qazaxıstan və Kosovo da sözü yazmayıb, tətbiqi baş örtüyünə yönəldib.
İkili standartın ikinci tərəfi Türkiyənin öz tarixidir. Türkiyədə məktəb və universitetdə baş örtüyü qadağası onilliklər qüvvədə olub, sonradan götürülüb. Bu, Türkiyənin suveren seçimidir. Eyni seçimi əks istiqamətdə edən müsəlman əksəriyyətli dövlət avtomatik olaraq “anti-islam” olmur. Dünyəvi məktəb forması nə Fransa modeli, nə Braziliya, Avstraliya milli tətbiqidir, nə də Azərbaycan icadıdır. Bu, sekulyar dövlətin əsas fəlsəfəsidir, Azərbaycan maarifçiləri XIX əsrdən başlayaraq ölkəni qaranlıqdan çıxarmaq, aydınlaşdırmaqdan ötrü fədakarlıqla mübarizə aparıb. İndi bizi yenidən mövhumata sürükləmək istəyənlərin məqsədi nədir?