1xeber.media 1business.media -ın instaqram səhifəsinə istinadən xəbər verir ki, minimum əməkhaqqının artırılması yalnız aşağı maaş alan vətəndaşların gəlirlərinə təsir etməyəcək. Dəyişiklik Vahid Tarif Cədvəli üzrə müəyyənləşdirilən əməkhaqlarının da yüksəlməsinə səbəb olacaq.
Millət vəkili Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında gələn il minimum əməkhaqqının artırılacağını açıqlayıb və bununla bağlı göstəriş verib.
Deputatın sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşlarının da yeni minimum əməkhaqqına uyğunlaşdırılması gözlənilir.
Vüqar Bayramov qeyd edib ki, gələn ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması da nəzərdə tutulur. Bu dəyişiklik təxminən 1,1 milyon vətəndaşı əhatə edəcək.
Əməkhaqqı artımının konkret faizinə gəlincə, deputat bildirib ki, Vahid Tarif Cədvəli üzrə maaşlar 19 dərəcə əsasında müəyyənləşdirilir. Dövlət qulluqçusu statusu olmayan və müvafiq sahələrdə çalışan şəxslərin əməkhaqları dövlət büdcəsindən maliyyələşir.
Hazırda Vahid Tarif Cədvəli üzrə aylıq tarif maaşları 400 manatdan 1150 manatadək dəyişir.
Deputatın açıqlamasına əsasən, minimum əməkhaqqında baş verəcək artım Vahid Tarif Cədvəlinin bütün dərəcələri üzrə əməkhaqlarının yüksəldilməsinə gətirib çıxaracaq.