1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın İrkutsk vilayətində taun xəstəliyinin yayılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Peskov əhaliyə sosial şəbəkələrdə və digər qeyri-rəsmi mənbələrdə yayılan məlumatlara deyil, Rospotrebnadzorun rəsmi açıqlamalarına istinad etməyi tövsiyə edib.
Kremlin nümayəndəsi bildirib ki, bu sahədə əsas səlahiyyətli qurum Rospotrebnadzordur və qurumda yüksək ixtisaslı mütəxəssislər çalışır.
Rospotrebnadzor daha əvvəl İrkutskdakı Taun Əleyhinə İnstitutda patogen mikroorqanizmlərlə iş zamanı hər hansı qəza baş verdiyini təsdiqləməyib. Qurum xəstələnən əməkdaşdan götürülən materialların geniş laborator müayinəsi zamanı onun peşə fəaliyyəti ilə əlaqəli mikroorqanizmlər aşkar edilmədiyini açıqlayıb.
Məlumata görə, institutun əməkdaşı oktyabrın 2-də ağciyər taunu diaqnozu ilə bağlı xəbərlərin yayılmasından sonra gündəmə gəlib. Lakin Rusiya rəsmiləri onun məhz taun xəstəliyindən öldüyünü təsdiqləməyib. Rospotrebnadzor xəstədə səbəbi müəyyən edilməmiş pnevmoniya aşkarlandığını bildirib.