Вернуться назад Распечатать

Macarıstan Ukraynanın Aİ danışıqlarına mane olmayacaq

1xeber.media xəbər verir ki, Macarıstanın baş naziri Peter Madyar diplomatlara Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarının növbəti mərhələsinin başlanmasına mane olmamaq barədə göstəriş verib.

Financial Times-ın mənbələrə istinadən yaydığı məlumata görə, Budapeşt bu həftə Ukraynanın Aİ-yə üzvlük danışıqları çərçivəsində daha iki istiqamətin açılması ilə bağlı vetosunu yumşalda bilər. Söhbət daxili bazar və rəqabət siyasəti üzrə danışıqlar bloklarından gedir.

Məlumata əsasən, Macarıstanın bu prosesə tam siyasi dəstəyi isə Ukrayna parlamentinin oktyabrın 12-də milli azlıqların təhsil hüquqları ilə bağlı qanun layihəsini qəbul edib-etməyəcəyindən asılı olacaq. Macarıstan hökuməti uzun müddətdir Ukraynadakı macar azlığının hüquqları məsələsini əsas tələblərindən biri kimi gündəmə gətirir.

Hazırda Ukraynanın Aİ-yə üzvlük danışıqları altı əsas tematik bloka bölünüb. Onlardan ikisi artıq açılıb. Növbəti iki blok üzrə razılıq əldə olunarsa, danışıqlarda yalnız yaşıl gündəm, kənd təsərrüfatı və regional siyasətlə bağlı istiqamətlər qalacaq.

Aİ qaydalarına əsasən, danışıqlar bloklarının açılması üçün ittifaqa üzv olan 27 ölkənin hamısının razılığı tələb olunur. Macarıstanın mövqeyini dəyişməsi bu baxımdan Kiyevin üzvlük prosesində mühüm prosedur addım ola bilər.