Вернуться назад Распечатать

MDU-da Rəqəmsal Mühəndislik və “MathStage” laboratoriyalarının açılışı olub

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mingəçevir Dövlət Universitetində Rəqəmsal Mühəndislik və “MathStage” laboratoriyalarının açılış mərasimi keçirilib.
1xeber.media xəbər verir ki,açılış mərasimində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov və universitetin bir qrup əməkdaşı iştirak edib.
Yeni laboratoriyaların istifadəyə verilməsi universitetdə müasir tədris infrastrukturunun inkişaf etdirilməsi, təhsil prosesində praktiki və interaktiv yanaşmaların genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Rəqəmsal Mühəndislik Laboratoriyası müəllim və tələbələrə mühəndislik sahəsində müasir rəqəmsal texnologiyalarla işləmək, nəzəri biliklərini praktiki fəaliyyətlə möhkəmləndirmək və yeni texnoloji bacarıqlar qazanmaq imkanı yaradacaq. Laboratoriyanın imkanlarından tədris prosesində, praktiki məşğələlərdə və tələbələrin layihə fəaliyyətində istifadə olunması nəzərdə tutulur.
“MathStage” Laboratoriyası isə riyaziyyatın daha interaktiv və tətbiqyönümlü şəkildə öyrənilməsinə, tələbələrin məntiqi düşünmə və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsinə xidmət edəcək.
Yeni laboratoriyaların açılışının məhz Beynəlxalq Müəllimlər Günündə keçirilməsi müəllim əməyinə verilən dəyərin və müasir təhsil mühitinin formalaşdırılmasının bir-birini tamamlayan istiqamətlər olduğunu nümayiş etdirir.
Mingəçevir Dövlət Universitetində bu istiqamətdə həyata keçirilən tədbirlər tələbələrin müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə, praktiki hazırlığının gücləndirilməsinə və universitetin tədris imkanlarının daha da genişləndirilməsinə xidmət edir.