Вернуться назад Распечатать

Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.

Bu barədə 1xeber.media-ya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər müzakirə edilib.

8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın inkişafı istiqamətində əldə olunmuş mühüm irəliləyişlər qeyd olunub.

Bu çərçivədə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş prioritet istiqamətlər üzrə işçi qruplarının fəaliyyətinin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində 2026-cı ildə əldə olunmuş mühüm nəticələr, o cümlədən Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı, investisiya, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığın praktiki məzmununu əhəmiyyətli dərəcədə genişləndirdiyi vurğulanıb.

C. Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi, etimad quruculuğu və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl addımlar barədə qarşı tərəfə məlumat verib.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.