Lerik Rayon İcra Hakimiyyəti Züvüç kəndinin daxili avtomobil yolunun əsaslı təmiri ilə bağlı satınalma həyata keçirib.
1xeber.media qaynarinfo-ya istinadən xəbər verir ki, satınalma üzrə qalib “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti olub. Müqavilənin maliyyə dəyəri 100 232,09 manat təşkil edir.
“Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti ilə bağlı mediada daha əvvəl də müxtəlif məlumatlar yayılıb. Şirkət bəzi xəbərlərdə “tender kralı” kimi təqdim olunub və adı xüsusilə cənub rayonlarında keçirilən satınalmalarda hallanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, şirkət 28 avqust 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1,6 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-dir. Şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.
Şirkət haqqında açıq mənbələrdə əlavə məlumatlara rast gəlinmir.
Zaur Abıyevin adı isə mediada “MTN işi” ilə bağlı yayılan materiallarda da keçib. Həmin iş üzrə o, zərərçəkmiş şəxs qismində tanınıb.
Lerik Rayon İcra Hakimiyyəti ötən il də avtomobil yollarının əsaslı təmiri üzrə tender keçirib. Bu tenderin də qalibi “Elnur-2” şirkəti seçilib. Tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 589 899,31 manat olub.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur. O, 2022-ci ildən rayona rəhbərlik edir.