Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
1xeber.media lent.az-a istinadla xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid S.Q bildirib ki, onu Mehdi Əmrahovla Arif Şıxəliyev tanış edib:
“Mən orada qeyri-rəsmi satınalmalar şöbəsində çalışırdım. Tenderlər elan edirdik, ən aşağı qiymət təklif edən şirkətlə müqavilə imzalayırdıq. Bir dəfə Arif Şıxəliyev dedi ki, tender şirkəti aşağı qiymət təklif edib, materiallar zəif ola bilər, pulu nağd alaq, özümüz alaq. Ümumilikdə verilən pullardan 16 faiz çıxıldıqdan sonra qalan məbləğin 1-3 faizi mənə çatırdı”.
Digər şahid Arif Şıxəliyev isə mühasibat təcrübəsi olmadan işə dəvət edildiyini deyib. Onun sözlərinə görə, bir müddət sonra pulun nağdlaşdırılması yolu ilə işləməyin daha sərfəli olduğu bildirilib:
“Pulu Yaşar Əmənov Samirə, Samir mənə, mən də Əlimusa Musayevə verirdim. 2024-2025-ci illərdən isə pulu birbaşa Mehdi Əmrahova verirdim”.
Şahid Yaşar Əmənov ifadəsində Mehdi Əmrahovu yalnız bir dəfə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində gördüyünü bildirib.
O qeyd edib ki, müsabiqədə qalib gəldikdən sonra materialların başqa qaydada alınacağı bildirilib və pulun nağdlaşdırılması istənilib:
“Mən pulu nağdlaşdırdım, özümə çatan hissəni götürdüm, qalanını Samirə verdim. Ziyanın 50 faizi dövlət nəfinə olmaqla ümumilikdə 128 min manat ödəmişəm. Mənim iştirakımla 16 MMC açılıb”.
Məhkəmədə ifadə verən digər şahid isə adına iş yeri və bank kartı rəsmiləşdirilməsindən yalnız Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılanda xəbər tutduğunu deyib.
Başqa bir şahid S.Ə isə Mehdi Əmrahovun əvvəllər xalası ilə evli olduğunu, işə ehtiyacı olduğu üçün ona müraciət etdiyini bildirib.
Növbəti məhkəmə prosesi oktyabrın 19-na təyin olunub.
Xatırladaq ki, Mehdi Əmrahov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İttihama görə, o, 12 nəfəri işçi kimi rəsmiləşdirərək onların əməkhaqqını mənimsəməkdə və vəzifə saxtakarlığında təqsirləndirilir. Mehdi Əmrahovun Səhiyyə Nazirliyinə məxsus 783 min manatdan artıq vəsaiti mənimsədiyi iddia olunur.
Səhiyyə Nazirliyi cinayət işi üzrə 670 min manat məbləğində mülki iddia qaldırıb.
Mehdi Əmrahova Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci və 313-cü maddələri ilə ittiham verilib. İstintaq zamanı ziyanın bir hissəsinin ödənildiyi bildirilib. Onun yaşı və səhhəti nəzərə alınaraq barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.