Вернуться назад Распечатать

Mustafayevlə Overçukun iştirakı ilə iclas keçirilib

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrlərinin iclası keçirilib.  

1xeber.media Rusiya hökumətinin yaydığı məlumata istinadən xəbər verir ki, görüş zamanı iqtisadi-ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. 

Tərəflər ən yüksək səviyyədə əldə edilən razılaşmaların və hökumətlərarası komissiyanın 24-cü iclasının qərarlarının icrasını müzakirə ediblər.

Bundan başqa, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin genişləndirilməsi və iki ölkənin təsərrüfat subyektlərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması istiqamətində gələcək tədbirlər nəzərdən keçirilib.

Görüşdə həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və iki ölkə arasında yük daşımalarının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Tərəflər Azərbaycan və Rusiya üçün praktik maraq doğuran qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi perspektivləri barədə də fikir mübadiləsi aparıblar.