Bəzən sürücülər yollarda traktor və ya hansısa yük maşınının arxasında xeyli müddət ilişib qalır. Sürəti az, özü də ləng olduğuna görə bu yük maşınlarının arxasında qısa müddətdə maşın karvanı yaranır.
Sürücü ötmə əməliyyatı üçün fürsət axtarır, lakin yolun ortasındakı düz xətt heç cür buna imkan vermir.
Məlumat üçün bildirək ki, qaydalara əsasən "yavaş hərəkət edən nəqliyyat vasitəsi" kateqoriyasına aid maşın dedikdə istehsalçı tərəfindən müəyyən edilmiş maksimum sürəti saatda 30 km-dən çox olmayan nəqliyyat vasitəsi nəzərdə tutulur. Buna görə də, ağır yüklə yoxuşu çətinliklə qalxan yük maşını yavaş hərəkət edən nəqliyyat vasitəsi hesab edilmir. Yavaş hərəkət edən nəqliyyat vasitələrini arxa hissədə yerləşdirilmiş, əks etdirici haşiyəsi olan qırmızı üçbucaq nişanından tanımaq olar.
Lakin hətta bu nişan mövcud olsa belə, yol şəraiti nəzərə alınmalıdır.
Təbii ki, qırıq-qırıq xəttin olduğu yolda, digər qadağalar olmadıqda, ötmə əməliyyatı edilə bilər. Ötmə manevrini təhlükəsiz şəkildə tamamlamaq üçün görünüş məsafəsi və yolun boş hissəsi kifayət qədər olmalıdır.
Əgər ortada 1.11 xətti varsa, yəni bir tərəfdən bütöv, digər tərəfdən qırıq xətt, vəziyyət fərqlidir.
Qırıq xətt olan tərəfdən keçmək mümkündür; bütöv tərəfdən isə olmaz. Amma İnzibati Xətalar Məcəlləsinə görə, 1.1, 1.3 xətlərinin (bütöv xətt) tələblərini pozaraq qarşı istiqamətli zolağa çıxmaq inzibati məsuliyyət yaradır. Belə pozuntu üçün 327.2 üzrə 100 manat, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli axının zolağına keçirərək hərəkət etmək halında isə 327.4 üzrə 150 manat və 4 bal nəzərdə tutulur.
Yük maşını dayanıbsa, yanından keçə bilərsən?
Daha bir problem isə dayanmış, irihəcmli yük maşınıdır. Əgər nəqliyyat vasitəsi dayanıbsa, dayanma səbəbini və onun yanından keçmə şərtlərini müəyyən etmək lazımdır. Bu mübahisəli vəziyyətdə videoregistrator görüntüləri kömək edə bilər. Ən faydalı görüntülər yük maşınına yaxınlaşma anından başlayaraq yolun bütün hissəsini əhatə edən görüntülərdir; bu, manevrin başlanğıcındakı yol nişanlanma xətlərini aydın görməyə, eyni zamanda manevrdən dərhal sonra öz zolağınıza qayıtmanı göstərməyə imkan verir. Əks halda, 327.2-ci maddəsi ilə 100 manat cərimə qaçılmazdır.