Вернуться назад Распечатать

Osmanqızının hiyləgərcəsinə izləyicilərini aldatmaq cəhdi ifşa edildi

Sevinc Osmanqızı “YouTube” kanalında yayımlanan verilişlərinin birində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı müzakirə zamanı absurd şərhlərə yol verib. O, Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 1-də Valday Diskussiya Klubunun XXIII illik plenar sessiyasındakı çıxışını kontekstdən çıxararaq qərəzli şəkildə Azərbaycan ərazisinin “satın alınması” kimi təqdim edib. Putinin dəhlizin keçdiyi marşrut üzrə infrastrukturun inkişafı və zəruri torpaq sahələrinin hüquqi tənzimlənməsi ilə bağlı fikirləri təhrif olunub.

Sitat: “Putin marşrutun keçdiyi bütün yolu almaq lazımdır deyir. Rusiya marşrutun keçdiyi əraziləri öz əraziləri kimi hesab edir və pulunu verəcəm. Putin Azərbaycan buna etiraz etmir, problem yoxdur deyir.”

Verilişin digər hissələrində də Rusiya Prezidentinin fikirlərini məqsədli şəkildə təhrif etməyə davam edən aparıcı bununla ictimaiyyətdə “Şimal-Cənub” marşrutunun keçdiyi Azərbaycan torpaqlarının Rusiya tərəfindən satın alınıb mənimsənilməsi barədə yanlış təsəvvür yaratmağa çalışıb.

Faktyoxla bu iddianı araşdırıb.

Məlum olur ki, Rusiya prezidenti “Şimal–Cənub” marşrutundan bəhs edərkən layihənin İranla bağlı hissəsinin kreditləşməsindəki yubanmalara diqqət çəkib. O, bildirib ki, Rusiya İran ərazindəki infrastrukturların yaradılması üçün kredit ayırmağa hazırdır: “Məsələ ondadır ki, İranlı dostlarımız bu mərhələdə öz paylarına düşən işi görsünlər. Burada sirr yoxdur: marşrutun keçəcəyi bütün torpağı almaq lazımdır”.

V.Putin marşrutun Azərbaycan ərazisindən keçməli olan hissəsindən danışarkən vurğulayıb ki, biz Prezident Əliyevlə təmasdayıq, orada da heç bir problem yoxdur: “Azərbaycan bu layihənin həyata keçirilməsinə razıdır və onu perspektivli hesab edir. Müvafiq maliyyə resursları nəzərdə tutulub, biz bu birgə işə hazırıq”.

Putinin layihədə “torpaqların alınması” ifadəsi isə söhbətin “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin ən böyük qolarından biri olan İrandakı Rəşt-Astara dəmir yolu hissəsindən gedir. 162 km uzunluğunda olan Rəşt-Astara dəmir yolu sözügedən beynəlxalq marşrutun ən mühüm hissəsi hesab edilir və bu xətt İranın Xəzər sahilindəki Astara bögəsini Rəştlə birləşdirməli, oradan isə Azərbaycanın Astara sərhəd məntəqəsini əlaqələndirməklə dəmir yolu şəbəkəsinin Rusiyaya çıxışını təmin etməldiir.

İran və Rusiya arasında Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş 2023-cü ilin mayında imzalanıb. Sənəd V.Putin və İranın keçmiş Prezidenti İbrahim Rəisinin razılığı əsasında mübadilə olunub. Rusiyanın nəqliyyat naziri Vitali Savelyev və İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş Rəşt-Astara dəmir yolunun tikintisi üzrə əməkdaşlıq müqaviləsini imzalayıblar. 

Müqavilə Moskva və Tehran arasında 162 kilometrlik dəmir yolu hissəsinin tikintisi üçün layihələndirmə, tikinti və mal və xidmətlərin təchizatının maliyyələşdirilməsi və digər detalları nəzərdə tutur.

Burada bir haşiyə çıxaraq xatırladaq ki, “Şimal-Cənub” dəhlizinin yaradılması ilə bağlı müqavilə Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Əldə edilmiş anlaşmaya əsasən, marşrut Şimali Avropa və Rusiyanı İran, Hindistan və Cənubi Asiya ölkələri ilə birləşdirən çoxfunksiyalı nəqliyyat sistemi hesab edilir.

“Şimal-Cənub” Nəqliyyat Dəhlizi Hindistan və Körfəz ölkələrindən Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə yüklərin daşınmasını təmin etməkdir.

Dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü məsafənin və yüklərin çatdırılma müddətinin 2-3 dəfə qısalmasıdır. Fars körfəzindən Süveyş kanalı-Aralıq dənizi-Baltik dənizi marşrutu ilə Helsinkiyə dəniz yolu ilə yük daşınması 45-60 gün çəkdiyi halda, Şimal-Cənub dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.

Azərbaycan Respublikası bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulmuşdur.

Bu dəhlizin Azərbaycan ərazisindən keçən dəmir yolu xətti 511 km uzunluğundadır. Xüsusilə, Azərbaycanın Rusiya ilə sərhədindən İran ilə sərhəddinə qədər uzanan və dəhlizin əsas hissəsini təşkil edən dəmir yolu seqmenti artıq istismara verilib. Azərbaycan, Rusiya və İran bu nəqliyyat dəhlizi ilə həm Şimal, həm də Cənub istiqamətində yükdaşımaların həcmini 15 milyon tona (660 min TEU) çatdırmaq üçün birgə tədbirlər həyata keçirməkdədirlər. Azərbaycan ərazisindən keçən nəqliyyat-logistika dəhlizinin infrastrukturu əhəmiyyətli dərəcədə modernləşdirilmiş və ölkəmizi Avrasiya qitəsinin şimal və cənub bölgələri arasında mühüm tranzit qovşağına çevirmişdir. Ən son nailiyyətlər sırasında Bakı Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, Ələt–Astara avtomobil yolunun yenidən qurulması, həmçinin Azərbaycan ilə İran sərhədində yeni dəmir yolu körpüsünün inşası xüsusi yer alır. 

Azərbaycan “Şimal-Cənub” marşrutunda əlaqələndirici və tranzit rolunu oynayır, Şərq-Qərb dəhlizi ilə yanaşı, bu marşruta da xüsusi əhəmiyyət verir. Bunu şərtləndirən əsas amil coğrafi baxımdan ən əlverişli kəsişmə nöqtəsində yerləşməsidir. Yəni həm Yeni İpək Yolunun Orta Dəhlizində, həm də “Şimal-Cənub” xəttində mərkəzi mövqe tutmaqla bütün beynəlxalq nəqliyyat marşrutlarının əsas qovşağına çevrilib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan üçün müstəsna strateji əhəmiyyət daşıyır. Son illərdə nəqliyyat infrastrukturunun tam yeniləşdirilməsi bu dəhlizin imkanlarının artmasına mühüm töhfə verib. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşası, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu xətlərinin şaxələndirilməsi, avtomagistrallar və hava limanları kimi layihələrin icrası da məhz bu təşəbbüslərin nəticəsidir.

Eləcə də, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi istiqamətində xeyli iş görülüb — Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolu artıq inşa edilib.

“Şimal-Cənub” dəhlizi dəmir yolu, avtomobil və dəniz nəqliyyatının qarşılıqlı əlaqəsinə əsaslanan multimodal marşrut kimi formalaşır. Dəhlizin ölkəmiz üçün əsas üstünlüklərindən biri tranzit gəlirlərinin artması və logistika sektorunun inkişafıdır. Beynəlxalq yük axınlarının ərazimizdən keçməsi nəqliyyat, anbar, gömrük, sığorta və digər xidmət sahələrinin tərəqqisinə güclü təkan verir. Dəhlizin geniş miqyasda istifadəsi Azərbaycanın yalnız enerji resursları ixrac edən dövlət deyil, həm də qlobal logistika mərkəzi kimi mövqeyini möhkəmlədir. Tranzit daşımalarının artması yeni investisiyaların cəlb olunmasına, logistika mərkəzlərinin və sənaye müəssisələrinin inkişafına əlavə imkanlar açır. Bundan başqa, nəqliyyat əlaqələrinin genişlənməsi yerli sahibkarların Rusiya, İran və daha uzaq bazarlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə asanlaşdırır.

Putin Valdaydakı çıxışında məhz Azərbaycanın bu dəstəyindən bəhs edib.

Layihənin ən vacib hissəsi, yuxarıda vurğuladığımız kimi, Rəşt–Astara dəmir yolunun çəkilişi ilə bağlı İran və Rusiya arasında əldə olunan razılaşmaların icrasıdır. Moskva və Tehran 2023-cü ilin may ayında imzaladıqları sazişlə 162 kilometrlik xəttin reallaşdırılmasını razılaşdırıblar. Sənədə əsasən, ümumi dəyəri 1,6 milyard avroya çatan işlərin 1,3 milyard avroluq mühüm hissəsinin Rusiya tərəfindən maliyyələşdirilməsi qərara alınıb. Rəşt–Astara dəmir yolu hissəsinin 2028-ci ilin əvvəlində istifadəyə verilməsi, layihə üzrə əsas işlərin isə 2026-cı ilin aprelində başlanması nəzərdə tutulurdu.

Rusiya bu məsələ ilə bağlı İranla son illərdə bir neçə dəfə danışıq aparıb. 2025-ci il yanvarın 17-də İran Prezidenti Məsud Pezeşkyanın Moskvaya səfəri zamanı Rusiya parlamenti Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini təsdiqləyən qanunu yekdilliklə qəbul edib. Sənəd Rusiya Prezidenti Vladimir Putin tərəfindən təqdim olunub. Qanuna əsasən, tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə münasibətləri dərinləşdirməyə, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə, həmçinin regional və qlobal səviyyələrdə fəaliyyətlərini sıx əlaqələndirməyə çalışırlar.

Sənədin mühüm detallarından biri Rəşt-Astara xəttinin tikintisi üzrə kommersiya sazişinin imzalanacağına dair müddəa olub.

17 dekabr 2025-ci ildə Moskvada İran xarici işlər naziri Seyid Abbas Əraqçi ilə danışıqlardan sonra çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya hökumətinin krediti ilə maliyyələşdirilən Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi iki ölkə prezidentlərinin nəzarəti altındadır və danışıqlar zamanı layihənin gedişatı ətraflı müzakirə olunub.

Həmçinin, 2025-ci ilin dekabrında Rusiya Baş nazirinin müavini, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Vitali Savelyev İran İslam Respublikasına səfər edərək Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə danışıqlar aparıb. Tərəflər həmçinin İranda Rəşt-Astara dəmir yolunun maliyyələşdirilməsi və tikintisi ilə bağlı 2023-cü ildə imzalanmış hökumətlərarası sazişin icrası ilə bağlı ətraflı müzakirələr aparıblar. Danışıqlarda ən həssas məsələ “torpaq alınması” ilə bağlı olub və bu işlərin qısa vaxtda yekunlaşmasını irəli sürüb.

2026-cı ilin fevral ayında RF ilə İran arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın keçirilən iclasında Rusiyanın energetika naziri Sergey Tsivilyov bildirib ki, tərəflər əvvəllər layihənin başlanmasını gecikdirən bütün mübahisəli məsələləri, o cümlədən torpaq qeydiyyatı və lazımi güzəştlərin əldə edilməsi problemlərini həll ediblər.

Qeyd edək ki, torpaq alışı həmin dəmir yolu xəttinin əhatə etdiyi yaşayış və kənd təsərrüfatı sahələrini nəzərdə tutur. İran hökumətinin torpaqların alınmasının qanuniləşdirilməsi müxtəlif yüksək kürsülərdə bəyan edilsə də, tamamlanmır. Nəticədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ən mühüm hissəsi olan Rəşt-Astara dəmir yolu layihəsinin praktiki icrasına 2026-cı il aprelin 1-də başlanması nəzərdə tutulsa da, işin icrası yenə də baş tutmayıb.

Tehran hökuməti 2026-cı ilin iyul ayında yenidən bu məsələyə şərh verərkən Rəşt-Astara dəmir yolu tikinti layihəsinin tezliklə başlayacağını əmin edib. İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri bildirib ki, marşrut boyunca bütün torpaq sahələrinin alınması başa çatdıqdan sonra işlərə başlanılacaq.

Əli Zakerinin açıqlamasından aydın olur ki, marşrut boyunca torpaq sahələrinin alınması başa çatmayıb.

2026-cı il avqustun 17-də İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq mətbuat konfransında bildirib ki, layihənin icrası üçün valyuta öhdəliyi təmin olunub və Rəştdən Astaraya qədər 160 kilometrlik marşrut üzrə torpaqların alınması bütün çətinliklərə baxmayaraq, başa çatdırılıb.

Fərzanə Sadiq vurğulayıb ki, bu işlər İran Prezidentinin dəstəyi ilə həyata keçirilib, lakin layihə üzrə icra müqaviləsi hələ yekunlaşdırılmayıb və hazırda Ali Milli Təhlükəsizlik Şurası səviyyəsində qərar gözlənilir. Nazir qeyd edib ki, icra müqaviləsinin yaxın zamanda təsdiqlənəcəyinə və bundan sonra tikinti işlərinə başlanacağına ümid edilir. O əlavə edib ki, layihədə Rusiyanın maliyyə imkanlarından istifadə olunacaq və əsas məqsəd növbəti üç il ərzində dəmir yolu xəttinin çəkilişini başa çatdırmaq və marşrutu istifadəyə verməkdir.

İranın yol və şəhərsalma nazirinin müavini Hoşang Bazvand isə bir neçə gün əvvəl (sentyabr, 2026-cı il) bildirib ki, İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı müqaviləni təsdiqləmək niyyətindədir. O, 162 kilometrlik Rəşt-Astara marşrutu boyunca torpaqların alınmasının başa çatdığını bildirsə də, layihənin hələ tam ali qanun səviyyəsində təsdiqlənmədiyini vurğulayıb.

Bazvand Rusiyanın narahatlıqlarından birinin torpaqların alınması məsələsi olduğunu etiraf edib və Moskva bu proses başa çatdıqdan sonra layihənin həyata keçirilməsinə başlayacağını deyib və əlavə edib ki, məsələ hazırda Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmə ərəfəsindədir.

Məlum olur ki, Tehran tərəfi son 3 ildə dəfələrlə Rəşt-Astara dəmir yolunun birgə tikintisinə başlanacağına dair bəyanatlar versə də, praktiki işlər nədənsə yubanır. Yəni dəmir yolunda tikintiyə başlamaq üçün yekun razılaşmanın təsdiqi İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarından asılıdır.

Beləliklə, İran tərəfi layihənin icrasına start verilməsi üçün yekun qanunun imzalanmasını ləngidir. Bu isə Rusiya tərəfinin ciddi narazılığına səbəb olmaqdadır.
Vladimir Putinin Valday Diskussiya Klubunun XXIII illik plenar sessiyasında bu məsələni qabartması və narahatlığını ifadə etməsi də məhz İranın layihə öhdəliklərini gecikdirməsi ilə bağlıdır.

Göründüyü kimi, Putinin çıxışında qeyd edilən “Şimal-Cənub” dəhlizinin əsas qollarından biri olan Rəşt-Astara dəmir yolunun tikintisi üzrə “torpaq alınması” mövzusu konkret olaraq İran və Rusiaya arasında olan müzakirə predmetidir və bu məsələnin Azərbaycana heç bir aididyyatı yoxdur.

Təqdim olunan faktlar və rəsmi sənədlər bir daha açıq şəkildə sübut edir ki, Sevinc Osmanqızının “YouTube” kanalında səsləndirdiyi iddialar heç bir sağlam məntiqə sığmır və ucuz medianın növbəti manipulyasiyasıdır. Rusiya Prezidenti Vladimir Putinin Valday Diskussiya Klubunun XXIII illik plenar sessiyasındakı çıxışını qəsdən kontekstdən çıxaran bu şəxs, İrandakı “Rəşt-Astara” dəmir yolu xəttinin çəkilişi üçün həyata keçirilməli olan yerli torpaq alqı-satqı prosesini Azərbaycan ərazisinin Rusiya tərəfindən satın alınması kimi qələmə verib.

Bu, sadəcə jurnalistika etikası ilə izah oluna bilməz – bu, açıq-aşkar saxtakarlıq, şüurlu şəkildə cəmiyyətdə çaşqınlıq yaratmaq cəhdi və şübhə toxumu səpən təxribatçı mövqedir. Sənədlər, İran rəsmilərinin bəyanatları və beynəlxalq müqavilələr dəqiq göstərir ki, “torpaqların alınması” məsələsi yalnız və yalnız İran daxilindəki infrastruktur və logistika problemləri ilə bağlıdır. Azərbaycan isə bu layihədə heç bir ərazi güzəştinə və ya alqı-satqısına gedən tərəf deyil, əksinə, marşrutun əsas və ən etibarlı tranzit mərkəzidir.

Sevinc Osmanqızının hər dəfə belə ucuz böhtanlara əl atması, Rusiya rəsmilərinin fikirlərini tərsinə çevirərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparması onun qərəzli və destruktiv mahiyyətini bir daha üzə çıxarır. Azərbaycanın uğurlarını və ölkənin qlobal logistika qovşağı kimi güclənən mövqeyini həzm edə bilməyənlərin uydurma tezisləri əvvəlki kimi indi də fiaskoya uğramağa məhkumdur!