1xeber.media xəbər verir ki, Rusiya Yaponiyanın yeni sanksiyalarına cavab olaraq Tokionun maraqlarına toxuna biləcək əks tədbirlər görəcəyini açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskvanın cavabı Yaponiyanın maraqları üçün həssas hesab olunan sahələrə yönələcək. O, Tokionun oktyabrın 2-də elan etdiyi yeni məhdudiyyətləri tənqid edib və Rusiyanın buna “mütənasib əks tədbirlərlə” cavab verəcəyini deyib.
Yaponiya son sanksiya paketində 33 Rusiya şirkəti və 9 fiziki şəxsin aktivlərini dondurub, həmçinin Rusiyanın “kölgə donanması” ilə əlaqələndirilən 35 gəmiyə qarşı məhdudiyyətlər tətbiq edib. Tokio bundan əlavə, Rusiyanın sənaye imkanlarının artırılmasına töhfə verə biləcək bəzi məhsulların ixracına da qadağa qoyub.
Moskva isə Yaponiyanın bu addımının Rusiya-Yaponiya münasibətlərinə mənfi təsir göstərəcəyini bildirərək, cavab tədbirlərinin hazırlanacağını açıqlayıb.