Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm
hadisə olmaqla yanaşı, Azərbaycanın yeni reallıqlar fonunda qarşısında dayanan vəzifələrin
müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının
Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda çıxışı keçdiyi şərəfli
yolu, ölkəmizin əldə etdiyi tarixi nailiyyətləri və yeni mərhələdə qarşıda duran məqsədləri
əhatə edən mühüm siyasi proqram xarakteri daşıyır. İlk dəfədir ki, YAP qurultayı Azərbaycanın
ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilir. Bu faktın özü ölkəmizin
keçdiyi yolun miqyasını göstərməklə yanaşı, partiyanın siyasi fəaliyyətinin əsasları və
qarşıdakı dövrün mahiyyətini ifadə edir.
2020-ci il Zəfərindən sonra Azərbaycanın qarşısında duran başlıca məqsəd ərazi
bütövlüyünün tam bərpası idi. Bu məqsədə çatmaq üçün siyasi, diplomatik və hərbi
istiqamətlərdə ardıcıl fəaliyyət həyata keçirildi. Azərbaycan bir tərəfdən beynəlxalq müstəvidə
öz haqlı mövqeyini müdafiə edir, digər tərəfdən Qarabağda strateji mövqelərini gücləndirirdi.
Nəticədə 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi
bütün ərazilərində tam təmin edildi. Beləliklə, 8 noyabr və 20 sentyabr Azərbaycanın müasir
tarixinin ən mühüm Zəfər tarixlərinə çevrildi. Bu nəticə yalnız hərbi gücün deyil, uzun illər
ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, siyasi iradənin və xalq-dövlət
birliyinin məntiqi nəticəsi idi. Bu Zəfərin siyasi kökləri isə daha əvvələ gedib çıxır. YAP-ın
1992-ci il noryabrın 21-də yaradılması Azərbaycanın ağır siyasi, sosial və hərbi böhranla
üzləşdiyi bir dövrə təsadüf edirdi. Ölkədə idarəçilik böhranı yaşanır, torpaqlarımız işğal olunur,
cəmiyyətin gələcəyə inamı ciddi şəkildə sarsılırdı. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin
ətrafında birləşən insanların təşəbbüsü ilə YAP-ın yaradılması xalqın sabitlik, güclü dövlətçilik
və milli maraqlara əsaslanan siyasi kursa olan ehtiyacının ifadəsinə çevrildi. Partiyanın təsis
qurultayı əslində Azərbaycanın sonrakı siyasi tarixinin mühüm başlanğıc nöqtələrindən biri
oldu. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin
edilməsi, dövlət qurumlarının və milli inkişaf strategiyasının formalaşdırılması Azərbaycanın
gələcək uğurları üçün möhkəm zəmin yaratdı.
Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə
davam etdirilməsi Azərbaycanın iqtisadi və hərbi gücünün artırılması, beynəlxalq mövqelərinin
möhkəmləndirilməsi və milli maraqların daha qətiyyətlə müdafiəsi ilə nəticələndi. Məhz bu
amillər 2020-ci ildə tarixi Zəfərin əldə edilməsinə, 2023-cü ildə isə suverenliyin tam bərpasına
imkan verdi. Ona görə də YAP-ın siyasi fəaliyyəti ilə Azərbaycanın dövlətçilik tarixində baş
verən proseslər arasında sıx bağlılıq mövcuddur. Partiyanın fəaliyyətinin əsasını təşkil edən
dövlətçilik, milli həmrəylik və milli maraqlara sadiqlik sonrakı illərdə ölkənin qarşısında duran
ən mühüm tarixi vəzifələrin həllində özünü göstərdi.
Zəfərlə mühüm tarixi mərhələ başa çatsa da, yeni mərhələ qarşıya fərqli vəzifələr
qoyur. Bu vəzifələr sırasında ideoloji işin müasir dövrün tələblərinə uyğun qurulması xüsusi
yer tutur. Azərbaycanın əldə etdiyi nailiyyətlərin, Qarabağ və Şərqi Zəngəzurda həyata
keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin, ölkənin bütün bölgələrində baş verən
dəyişikliklərin cəmiyyətə daha geniş və daha müasir üsullarla çatdırılması zəruridir. Artıq
söhbət yalnız görülən işlərin təqdim edilməsindən deyil, Azərbaycan reallıqlarının informasiya
məkanında düzgün və inandırıcı şəkildə ifadə olunmasından gedir. Müasir dövrdə informasiya
məkanı milli təhlükəsizliyin mühüm istiqamətlərindən birinə çevrilib. Müxtəlif informasiya
resursları vasitəsilə tarixin təhrif olunması, cəmiyyətin çaşdırılması, milli birliyin zəiflədilməsi və
xüsusilə gənclərin dünyagörüşünə təsir göstərilməsi cəhdləri yeni çağırışlar yaradır. Bu
şəraitdə Azərbaycanın tarixi həqiqətlərini müasir kommunikasiya vasitələri ilə dünyaya
çatdırması xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün
Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna
bənzər quruculuq işləri var: “Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki
orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün
qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək
vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan
ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil”.
Ölkənin ən böyük siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyasının VIII Qurultayında
səslənən fikirlər qarşıdakı dövrdə partiyanın qarşısında dayanan əsas vəzifələrdən birinin də
yeni reallıqlara uyğun müasir ideoloji fəaliyyət modelinin formalaşdırılması olduğunu nümayiş
etdirir. Zəfər Azərbaycan xalqının tarixində yeni səhifə açıbsa, həmin Zəfərin mahiyyətini,
nəticələrini və yaratdığı imkanları gələcək nəsillərə çatdırmaq da yeni tarixi məsuliyyətdir. Bu
baxımdan, YAP-ın VIII Qurultayı təkcə keçmişə nəzər salan siyasi toplantı deyil, həm də
gələcəyə istiqamət verən mühüm hadisədir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini
bərpa etməsi ilə ölkənin qarşısında yeni imkanlar açılıb. İndi əsas məqsəd bu imkanlardan
səmərəli istifadə etmək, milli birliyi daha da möhkəmləndirmək, dövlətçilik dəyərlərini qorumaq
və Azərbaycan reallıqlarını müasir informasiya mühitində layiqincə təqdim etməkdir. Prezident
İlham Əliyevin qurultayda müəyyən etdiyi istiqamətlər YAP-ın qarşıdakı mərhələdə siyasi
fəaliyyətinin məzmununu yeni çağırışlara uyğun zənginləşdirməklə yanaşı, partiyanın
Azərbaycanın gələcək inkişafında məsuliyyətini də daha da artırır.
Anar Xəlilov,
Sabirabad RİHB aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, ərazi-
təşkilat məsələləri sektorunun baş məsləhətçisi