Müşfiqabad qəsəbəsinin Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında kanalizasiya suyu otaqlara dolub.
1xeber.media-nın məlumatına görə, bu barədə “Barometr TV”yə danışan valideynlər bildiriblər ki, nəticədə bağçada antisanitar vəziyyət yaranıb. Anaların sözlərinə görə, orada isti su da yoxdur.
Onlar, həmçinin iddia edib ki, dövlət bağçası olmasına baxmayaraq, qeydiyyat üçün ödəniş tələb olunub: “Bizə dedilər ki, 120 manat illik verilməlidir. İmkanım çatmadığı üçün 10 manat verdim, ona da razılaşmadılar. Bağça açılandan bəri övladım 4-5 dəfə gedib, onda da qarın ağrısından, qusmadan əziyyət çəkdi. Mən uşağımı bura qoymamışam ki, sətəlcəm olsun, gətirirəm ki, tərbiyə alsın”.
Bağçanın müdiri Həyat Dursunəliyeva məsələ ilə bağlı valideynə telefon danışığı zamanı bildirib ki, aidiyyəti qurumlar bağçaya baxış keçirib. O, daha sonra jurnalistə cavabında qeyd edib ki, qısa müddətdə müəssisəyə yaxınlaşacaq. Lakin müdir gəlməyib.
Problemlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, məsələ araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək.
***
Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, son günlər yağan yağış nəticəsində 329 nömrəli körpələr evi-uşaq bağçasının bir qrupunun otağında yaranmış fəsadla bağlı aidiyyəti üzrə müraciət olunub.
“Məsələnin həlli istiqamətində müvafiq işlər görülməkdədir.
Məktəbəqədər təhsil müəssisələrində təmirə ehtiyac olan məsələlər diqqət mərkəzində saxlanılır, aidiyyəti üzrə müraciət olunur və müvafiq tədbirlərin görülməsi üçün zəruri addımlar atılır.
Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlükəsizliyi və qidalanması prioritet məsələlərdəndir. Bu məsələlərə həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır.
Məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları dövlət büdcəsi vəsaiti hesabına və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir və təşkil edilir”, - deyə məlumatda qeyd edilib.
Daha ətraflı videomaterialda:
[media=]