"Layihədə aqrar sahədə səmərəliliyin və effektivliyin artırılması, su itkilərini azaldan suvarma sistemlərinin tətbiqi, xüsusilə də bitki növləri üzrə suvarma normalarının və su tutarlarının yaradılması kimi maddələrin təsbit olunması xüsusi əhəmiyyət kəsb edir. İndiyə qədər olan qanunlarda bu cür istiqamətlər müəyyən edilməmişdi, buna xüsusi əhəmiyyət veririk".
1xeber.media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov deyib. O bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaqlar və su obyektləri əsas resurslar olaraq artıq bu qanunda təsbit olunub:
"Bununla yanaşı, qanun layihəsinin 12-ci maddəsində sudan istifadənin konkret məqsədləri, eyni zamanda sudan səmərəli istifadə ilə bağlı 7 tədbir nəzərdə tutulur ki, bu da xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, səslənən fikirlərə əlavə olaraq, bu, su ehtiyatlarından səmərəli istifadə üçün böyük zəmin yaradacaqdır. Bəlkə də ilk dəfədir ki, bizim milli qanunvericiliyimizdə iqlim dəyişikliklərinə qarşı adaptasiya tədbirləri də bu qanunda təsbit olunur. Bu da yüksək əhəmiyyət kəsb edir. Burada əsas məsələlərdən biri su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi tədbirləridir. Bununla yanaşı, su tutarlarının yaradılması ilə bağlı ayrıca müddəanın olması da çox əhəmiyyətlidir. Bu, su ehtiyatlarından səmərəli istifadə üçün onların toplanmasına və daha effektiv idarə olunmasına qanuni əsas yaradır. Həmçinin su təminatının yaxşılaşdırılmasına, lazımi səviyyədə və lazımi vaxtda suyun verilməsinə şərait yaradacaq, eyni zamanda su resurslarımızdan səmərəli istifadəni təmin edəcəkdir.
Ümumən, qanunun qəbulunun aqrar sahədə normativ tənzimləmənin vəhdətləşdirilməsini, dövlət dəstək mexanizmlərinin və şəffaflığının, onların məqsədli təyinatının, resurslardan səmərəli istifadənin, eyni zamanda iqlim dəyişikliklərinə davamlılığın təmin edilməsinə imkan yaradacağını düşünürük. Bu qanunun qəbulundan sonra formalaşacaq dəqiq mexanizmlər, həmçinin qanunun tətbiqi mexanizmlərinin hazırlanması və tətbiqi ümumən məşğulluğun artırılmasına, kənd yerlərinin dayanıqlı inkişafına, gəlirlərin artmasına və xüsusilə də ərzaq təhlükəsizliyimizə xüsusi töhfə verəcəkdir".